SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda koronavirusun yayılması hallarının artdığını və statistikanın gündəlik dəyişdiyini müşahidə edirik. Mütəxəssislər bildirirlər ki, hər kəs mütləq öz səhhətinə diqqət yetirməli və virusdan qorunmaq üçün əlindən gələni etməlidir. Hər kəs mütəmadi olaraq müayinə olunmalıdır.

Pulmonoloq, reanimatoloq Vüqar Səfərov BAKU.WS-ə verdiyi müsahibədə Azərbaycanda koronavirusla bağlı vəziyyətdən danışıb. Qaranlıq məsələlərə aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik:

- Mətbuatda qeyd olunduğu kimi, yoluxmaların sayı gündəlik dəyişir. Hazırda koronavirusla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

- Gündəlik mətbuatda açıqlanan koronavirusa yoluxanların sayı rəsmi şəkildə test verib qeydiyyatdan keçənlərdir. Qeydiyyatdan keçməyənlərin sayı çoxdur. Yəni hazırda daha çox xəstəmiz var.

Biz onları evdə, ambulator şəkildə, yaxud da xəstəxanalarda müalicə edirik. Hazırda isə xəstəlikdən sağalanların da sayı az deyil. Ümumilikdə isə dinamika müsbətə doğru gedir. Sağalanlar çoxluq təşkil edir.

Dünya ölkələrinə nisbətdə Azərbaycanda vəziyyət daha yaxşıdır. Çünki faizlə hesablayanda dünyada koronavirusa yoluxanlar Azərbaycandan qat-qat çoxdur. Tam səmimi və bu işin içində olan insan kimi deyirəm ki, Azərbaycanda vəziyyət müsbətə doğru gedir. Mən gündə 50-60 xəstəyə baxırdımsa, indi say 30 xəstəyə düşüb.

Yenə də, mən insanları arxayın salmaq istəməzdim. Hazırda əsas məsələ insanların qaydalara əməl etməsidir. Çalışmaq lazımdır ki, maskalardan istifadə etsinlər, məsafə saxlasınlar.

- Azərbaycanda koronaviruslu xəstələrin ölüm sayı artır. Ümumiyyətlə, koronavirus insanları niyə öldürür?

- Ambulator şəkildə müalicə etdiyim xəstələr arasında 95 faiz sağalma olur. Yalnız 5 faizində ağırlaşma olur. Onları da ya ev şəraitində oksigen balonuna bağlayırıq, yaxud da xəstəxanaya yerləşdiririk.

Həkim düzgün müalicə edəndə və xəstələr də deyilənləri düzgün şəkildə yerinə yetirəndə ağırlaşmanın qarşısı alınır. Bu zaman xəstələr müalicə olunurlar və tam sağalırlar.

Çox təəssüf ki, bu gün bütün xəstələrə standart müalicə üsulu tətbiq edilir. Bu, səhvdir. Hər bir xəstəyə individual yanaşılmalıdır və hər xəstəyə də fərdi şəkildə, onun orqanizminə uyğun olaraq müalicə tətbiq edilməlidir.

Əgər bütün xəstələrə eyni müalicə üsulu yazılırdısa, onda həkimlər nəyə lazımdır? Bu gün poliklinikalarda, xəstəxanalarda da standart müalicə üsulu tətbiq edilir. Bu zaman da müalicəyə cavab verməyən, yaxud əks göstəriciləri olan xəstələr ölür. Yenə təkrar edirəm, hər bir xəstəyə individual müalicə tətbiq edilməlidir.

Bir problem də var ki, həmin poliklinikalarda koronaviruslu xəstələrin müalicəsində iştirak edən həkimlərin bəziləri bu sahənin mütəxəssisi deyil. Müalicə tətbiq edilən paketin içində sink, maqnezium verirlər. Əgər xəstənin ciyərində “buzlu şüşə” varsa, o, təngənəfəsdirsə, onda sink, maqnezium içməklə sağalmaz. Onlara özəl diqqət göstərilməlidir. Belə xəstələr ümumiyyətlə digərlərindən ayrılmalıdır.

Bəzən görürsən ki, xəstənin test cavabında “neqativ” yazılır, lakin artıq virus ciyərə düşmüş olur. Yəni proses ciyərdə gedir. Yaxud virus aşkarlanan xəstənin ciyərində problem yoxdursa, təbii ki, müalicə də başqa olmalıdır.

Yüzlərlə müraciət edən olur ki, testin cavabı “neqativ” çıxıb, xəstəni xəstəxanadan çıxarıblar. Deyiblər ki, virusun sağalıb. Lakin normal nəfəs ala bilmir. Yoxlayırıq ki, ciyəri pis vəziyyətdədir.

Onsuz da koronavirus 14 gündən sonra bitir, lakin ciyər pis günə düşür. Ciyərdə dağılmalar olur. Belə xəstələr üçün xüsusi yer ayrılmalıdır.

- “Buzlu Şüşə” vahiməsi insanları psixoloji sarsıdır. Ümumiyyətlə, “buzlu şüşə” təkcə koronaviruslu xəstələrdə olur?

- “Buzlu şüşə” mənzərəsi təkcə koronaviruslu xəstələrdə olmur. Bu, ürək, böyrək, birləşik toxuma xəstələrində də aşkarlana bilər. Amma koronavirusun verdiyi “buzlu şüşə” digərlərindən fərqlənir.

- “Buzlu şüşə” tam sağalırmı?

- “Buzlu şüşə” mənzərəsi 2-3 ay ərzində sağalır. Düzgün müalicə gedəndə heç bir iz qalmır. Ayda 1200 xəstəyə baxırıq və onların səhhəti daim izlənir. Xəstələr sona qədər, səhlənkarlıq etmədən müalicə olunurlarsa, onlarda heç bir əlamət qalmır.

Bəzən “buzlu şüşə” ciyərlərdə çapıq şəklində qalır. Onların da özünün müalicəsi var. Belə xəstələrin ürəyində problem olub-olmadığı mütləq müəyyənləşdirilməlidir.

- “Buzlu şüşə” ölümə səbəb ola bilərmi?

- Bəli, “buzlu şüşə” ölümə səbəb ola bilər. Əgər düzgün müalicə getmirsə, virusun göstəricisi yüksək olursa, bu zaman sürətlə inkişaf edir və ciyərin böyük hissəsini bürüyür. İnsanlarda təngənəfəslik və boğulma yaranır. Xəstənin vaxtında müraciəti, onun düzgün müalicəsi “buzlu şüşə”nin 80 faiz sağalması ilə nəticələnir. 20 faizində isə xəstəlik müalicəyə tabe olmur.

- İndi insanların koronavirusla bağlı mübarizəsini əvvəlki dövrə nisbətən necə qiymətləndirirsiniz?

- Çox düzgün vurğuladınız. Əvvəllər insanlar təhlükəni olduğu kimi dəyərləndirmirdilər və qaydalara riayət etmirdilər. Amma indi əməl edirlər. Lakin ölkədə yoluxmanın çoxalmasının digər səbəbləri də var.

Neçə vaxtdır ki, biz qələbə sevincimizi qeyd edirik. Nümayişlər, şənliklər keçirilir. Digər tərəfdən şəhidlərimizin dəfn mərasimləri olur. Bu zaman koronavirus təhlükəsi bəzən unudulur. Təhlükəsizlik tədbirləri yaddan çıxır. Ona görə virus yayıldı. İndi onun fəsadlarını görürük. İndi insanlar qaydalara əməl etsələr, yoluxma azalacaq. Necə ki, hazırda bunu müşahidə edirik.

- Hazırda maska problemi də yaşanır. Parça, tibdə istifadə edilən maskalar var. Siz nə məsləhət görürsünüz?

- Doğrudur, bu gün maskaların istifadəsində də problemlər var. Parça maskalar tikilib satılır. Üzərinə müəyyən etiketlər vurulur. Bu maskalar insanları qorumur. Ən yaxşısı tibbi maskalardır. Tibbi maskaları da çöldə insanlarla kontaktda olduqdan sonra dəyişmək lazımdır. Parça maskalar qoruyucu vasitələr deyil. Viruslar bu parçalardan rahat şəkildə insanin tənəffüs yollarına daxil ola bilir. Lakin tibbi maskalardan 3 saat ərzində virus keçə bilmir.

- Hazırda xəstələrin dərman tapmaması problemi də əsas amillərdəndir. Bu barədə nə deyə bilərsiniz?

- Dərmanların tapılmaması da böyük problemlər yaradır. Əslində koronavirusun əleyhinə dərman yoxdur. Sadəcə müəyyən dərmanlardan istifadə etməklə, immuniteti qaldırmağa çalışırıq ki, bunun qarşısını alaq. Yalnız “buzlu şüşə” mənzərəsi yarandıqda antibiotik yazılır.

- Koronavirusun yeni mutasiyaya uğramış növü Azərbaycanda da yayıla bilərmi?

- Azərbaycanda da bu virus yayıla bilər. Lakin hazırda xarici ölkələrdən giriş-çıxışa qadağa qoyulması bunun qarşısını alır. Ona görə hələlik bundan narahat deyilik.

- Koronavirus olan insan ikinci dəfə virusa tutula bilərmi? Onların mutasiyaya uğrayan koronavirusa yoluxma ehtimalı nə qədərdir?

- Yoluxan insanın bədənində antitel 6 ay müddətində qalır və onların yoluxma ehtimalı çox azdır. Koronavirusdan sağalan hər bir insanın orqanizmində immunitet yaranır.

Lakin koronavirus olan insanlar ikinci dəfə də tutula bilər. Lakin bədəndə antitel yarandığı üçün ikinci xəstəlik dövrü yüngül olar.

Ziya SƏCCAD
BAKU.WS