Xəbər verdiyimiz kimi, noyabr ayının 21-dən etibarən artıq ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarla yanaşı açıq məkanlarda da tibbi maskadan istifadə məcburidir.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Astarada bu tələbin icrasına nəzarət məqsədilə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qapalı və açıq məkanlarda reyd keçirilib.

Reyd zamanı sakinlərin əksəriyyətinin tibbi maska ilə bağlı tələblərə əməl etdiyi müşahidə olunsa da, qaydalara və öz sağlamlığına laqeyd yanaşanlara da rast gəlinib.

RPŞ-in əməkdaşı Fuad Salmanov bildirib ki, əhali arasında izahat-maarifləndirmə işləri davam etdirilir: "Əhaliyə bildirilib ki, əvvəllər qapalı məkanlarda tibbi maskaların taxılması zəruri olduğu kimi, indi açıq havada da tibbi maskaların taxılması vacibdir.

Bununla bağlı tədbirlərimizi davam etdiririk, tədbirlər əhalinin sağlamlığı üçündür.

Eyni zamanda dövlət yol polisi əməkdaşları tərəfindən Astara şəhəri ərazisində taksi xidməti göstərən nəqliyyat vasitələrində də tibbi maskalardan istifadə olunması yoxlanılıb. Sərnişin daşımasına baxmayaraq bəzi taksi sürücülərinin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb".

Reydlər zamanı eyni zamanda tibbi maskalardan düzgün şəkildə istifadə etməyənlərə də bir daha qaydalar izah olunub və görülən tədbirlərin məhz sakinlərin sağlamlığının qorunması məqsədi daşıdığı bildirilib. Edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər barəsində qanunamüvaviq tədbirlər görülüb və barələrində inzibati protokollar tərtib olunub.

BAKU.WS