Ceyhun Bayramov: Ortaq əlifba türk dövlətlərinin əməkdaşlığına töhfə verəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türk dövlətlərinin qəbul etdiyi ortaq əlifbanın sözügedən ölkələr arasında əməkdaşlığı yüksəldəcəyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin baş diplomatı BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında söyləyib.
Nazir Ceyhun Bayramov çıxışında Təşkilatın təsis sənədi olan Naxçıvan sazişinin imzalanmasının 15-ci ildönümündə türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşməsinin, xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinin və TDT-nın beynəlxalq aləmdə strateji əhəmiyyətinin artmasının şahidi olmaqdan qürur duyduğunu qeyd edib.
Çıxışda bu gün TDT çərçivəsində ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, tibb, kənd təsərrüfatı, turizm, informasiya, media, kommunikasiya texnologiyaları, gənclər və idman, eləcə də digər sahələrdə əməkdaşlığın uğurlu inkişafı qeyd olunub.
Ceyhun Bayramov Təşkilatın hazırkı inkişaf dinamikası, o cümlədən onun günü-gündən artan beynəlxalq nüfuzunun TDT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi, funksional imkanlarının daha da genişləndirilməsi zərurətinə vurğu etdiyini bildirib.
XİN başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə illik sammitlərin sayının birdən ikiyə artırılmasının Təşkilatın çərçivəsində əməkdaşlıq imkanların müzakirəsi üçün vacib platforma yaratdığını vurğulayıb.
Bu il Təşkilatın Şuşa şəhərində qeyri-rəsmi zirvə görüşünün təşkili ilə TDT çərçivəsində əməkdaşlığın yeni təkan aldığı və Qarabağ Bəyannaməsinin qəbul edilməsinin Türk dünyası üçün böyük tarixi əhəmiyyət kəsb etdiyi qeyd olunub.
TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyətlərinə də Azərbaycan tərəfindən xüsusi önəm verildiyi vurğulanıb.
Türk Akademiyasının təşəbbüsü ilə ortaq əlifbanın yaradılması işinin uğurla başa çatmasından məmnunluq və 2024-cü il sentyabrın 11-də rəsmi olaraq qəbul edilən yeni ortaq türk əlifbasının əməkdaşlığımızı əhəmiyyətli dərəcədə yüksəldəcəyinə dair əminlik ifadə olunub.
Oxşar xəbərlər
Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
"Politico"nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir" dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil. Bu bar...