Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanlığından bayrağı qəbul edən bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki "Ümid" körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.
"Ümid" körpüsündə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.
Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.
Təlimin planına əsasən yaşayış məntəqələrində, çətin relyefli ərazilərdə, dərin qar və şiddətli soyuqlarda müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
"The Wall Street Journal": Trampın Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq fürsəti var
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün "qızıl fürsətə" malikdir. "Report" xəbər verir ki, bu barə...