VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda Hüseyn Cəfərov adlı sürücü təxminən 100 km-lik məsafədə 8 dəfə radara düşüb və 320 manat cərimə olunub. 

BAKU.WS-ə danışan sürücünün sözlərinə görə, yola çıxnmazdan öncə e-xidmet.mia.gov.az saytında sürücülür vəsiqəsini və idarə etdiyi avtomobilin cəriməsini yoxlayıb. 

"Yalnız 10 AZN-lik cəriməm var idi. Amma Nəvai postunda saxlayaraq 8 radarım olduğunu bildirdilər. Postda göstərdilər də. Məlum oldu ki, yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət etdiyimə görə, Bakıdan Nəvai postuna qədər 8 dəfə eyni qayda pozuntusuna görə, hər biri  40 AZN olmaqla, ümumilikdə 320 AZN cərimə olunmuşam”.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bu bəzən sürücülər nəqliyyat vasitəsini yolun hərəkət hissəsində düzgün yerləşdirmədiyinə görə 40 manat cərimə olunurlar. Çünki İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 327.1-ci maddə ilə 40 manat cərimə nəzərdə tutulur. Bunu həm də 3 zolaqlı yolda 4-cü zolaq yaradanlara da aid etmək olar. 

Ərşad Hüseynov qeyd edib ki, sol zolağa yalnız ötmə əməliyyatı apararkən çıxmaq olar. Ötməni başa çatdırdıqdan sonra yenidən sağ zolağa qayıtmaq lazımdır. 

Bir gündə, eyni yolda, eyni qayda pozuntusuna görə, bir sürücünün bir neçə dəfə cərimə olunmasına gəldikdə, Ərşad Hüseynov bunun qanunla tənzimləndiyini bildirib. "Bu, zaman və məsafədən asılıdır. MMX-lar arasındakı məsafə kifayət edir ki, sürücü eyni qayda pozuntusuna görə, bir neçə dəfə cərimə olunsun”, - hüquqşünas əlavə edib. 

Başı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaələr şöbəsinin rəisi Vaqif Əsədov isə sürücüləri diqqətli olmağa çağırıb. O qeyd edib ki, bəziləri elə güman edir ki, bu qayda yeni tətbiq olunur: 

"Əslində isə bu qayda çoxdan mövcuddur. Sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək qayda pozuntusudur. Qaydanı pozan sürücülər isə cərimə olunurlar”. 
 
 
Zülfüqar
BAKU.WS