Yaxın Şərq müharibə astanasında: Əraqçının Türkiyəyə səfərinin əsas məqsədi nədir?
Yaxın Şərq yenidən təhlükəli yolayrıcındadır: Vaşinqton Tehranı hərbi zərbə ilə hədələyir, ABŞ donanması bölgəyə daxil olur, İran isə "tətiyi çəkməyə hazırıq" mesajı verir. Bu gərgin məqamda isə Ankara oyuna daxil olur. Türkiyə ABŞ-İran qarşıdurmasında vasitəçi olmağa çalışır.
İranın xarici işlər naziri Abbas Əraqçının Ankaraya səfəri də təsadüf deyil. Məqsəd müharibənin qarşısını almaq üçün diplomatik çıxış yolu tapmaqdır.
Donald Tramp administrasiyası Tehrana açıq ultimatum verir: "Ya nüvə proqramını dayandır, ya da zərbə qaçılmazdır". Eyni zamanda bölgəyə hərbi qüvvə toplanır. ABŞ-nin müdafiə naziri ordunun hər əmri yerinə yetirməyə hazır olduğunu deməsi psixoloji təzyiq mərhələsindən real hərbi hazırlıq mərhələsinə keçidin bariz nümunəsidir.
Lakin Vaşinqtonun dilemması da var. İrana hücum Hörmüz boğazını riskə ata, neft qiymətlərini artıra, minlərlə ABŞ əsgərini raket və dron təhlükəsi altında qoya, regionu böyük müharibəyə sürükləyə bilər. Yəni bu, tez və ucuz əməliyyat deyil. Elə buna görə də diplomatiya üçün son pəncərə hələ də açıq qalır. Burada isə Türkiyə önə çıxır.
Ankara açıq şəkildə İrana hücumun səhv olduğunu və müharibənin bölgəni dağıdacağını bildirir. Türkiyənin qorxusu sadədir: İranda qeyri-sabitliyin hökm sürməsi sərhəddə xaos, milyonlarla miqrant və təhlükəsizlik böhranı deməkdir. Bu səbəbdən Ankara həm Tehran, həm də Vaşinqtonla paralel danışıqlar aparır. Hətta Rəcəb Tayyib Ərdoğan D.Tramp və İran rəhbərliyi arasında üçtərəfli görüş təklif edir.
Əraqçının səfərinin əsas məqsədi də Türkiyə vasitəsilə ABŞ-yə mesaj göndərmək və nüvə məsələsində mümkün güzəştlərin çərçivəsini müzakirə etməkdir. Tehran da anlayır ki, danışıqların başlaması belə hərbi zərbədən daha sərfəlidir.
Hazırkı mənzərə göstərir ki, ABŞ üçün hərbi variant son seçimdir. Təhdidlər daha çox təzyiq alətidir. Əraqçının Türkiyə səfəri isə ən real ssenari olaraq Ankara üzərindən ABŞ-İran təmaslarının başlamasına və yeni nüvə danışıqlarına zəmin yaradılmasına yol aça bilər.
Türkiyənin vasitəçiliyi hücumu dayandıra bilərmi? Tam zəmanət yoxdur, amma müharibənin qarşısını ala biləcək yeganə kanal diplomatiyadır və həmin kanalın mərkəzində Ankara dayanır. Yəni seçim sadədir: ya diplomatiya, ya da regionu alovlandıracaq yeni müharibə.
Oxşar xəbərlər
Avropadan İrana böyük zərbə
Yanvarın 29-da Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə edib. Aİ Şurasının 27 üzv dövlətini...