Sabunçuda bu sakinlər evdə “kurtka”da gəzirlər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəxanı qəsəbəsində keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə istilik problemi var. Noyabrın 15-dən başlayan istilik mövsümü onların yaşadığı ünvandan yan keçib.
BAKU.WS xəbər verir ki, “ATV Xəbər” məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810 ünvanındakı əksər mənzillərdə masa üzərində zoğal mürəbbəsi və dərman preparatları görmək mümkündür. Səbəb isə çox sadədir! Qışda istilik olmayan evə xəstəlik gələr.
Sakin: “Evin içində kurtkadı, yorğandı, döşəkdi, odeyaldı, hamısın yığmışıq bura, bürünürük, gecə yata bilmirik soyuqdan. Səhər deyirik, ay Allah, səhər nə vaxt açılacaq. Çöl, vallah, evdən istidir”.
Keçmiş məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə 4 ildir yaşayış var. Sakinlər deyir ki, müəyyən müddət istiliyi ödənişsiz istifadə ediblər. Sonra məlum olub ki, borcları yaranıb. Müəyyən məbləğ ödəməklə problemi həll ediblər. Bu il isə istilik üzünə tamamilə həsrət qalıblar. Səbəb kimi isə ərazidə yerləşən 4 məktəb və bir bağçanın külli miqdarda borcu göstərilir.
Sakin: “35 min manat bizim borcumuz nədədir? O da deyir "borcunuz məktəbdi, keçirməyib, bağçadı, keçirmir". Biz gedib bağçanın məktəbin pulun keçirməyəcəyik ki, bizim də cəmi 110-120 nəfərdi, adama 8-9 manat borcumuz var”.
Məsələni araşdırmaq üçün məktəb və bağçaya üz tutan “ATV Xəbər” əməkdaşlarına içəri daxil olmağa icazə verilmədi.
Daha sonra şagirdlər də məktəbin soyuq olmasından şikayətlənib: “Soyuq olur, xəstələnirik, məktəbə gəlmirik və problem olur, dərslərdə gecikmələr olur”.
Bəzi sakinlər məcbur qalıb elektrik piltərindən istifadə edirlər ki, o da qısaqapanma yaradır. Bununla yanaşı binanın yeni istifadəyə verilməsinə baxmayaraq, artıq təmiri də, demək olar ki, yararsızdır.
Azəristiliktəchizat-dan da bildirildi ki, bu yaşayış kompleksi onların balansında olmadığından qurum binaların istiliklə təhcizatına məsuliyyət daşımır:
“Həmin bina və qazanxana qaçqın və məcburi köçkünlər üzrə dövlət komitəsinin sifarişi əsasında tikilib və həmin qazanxana bizim balansımızda deyil, adını çəkdiyim həmin qurumun balansındadır”.
Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsindən “ATV Xəbər”ə bildirildi ki, yaşayış kompleksində qurulan qazanxanaların istismara hazırlıq aktı Azəristiliktəchizat və digər qurumların nümayəndələri tərəfindən imzalanıb. Dövlət Komitəsinin müraciətlərinə baxmayaraq, qazanxanalar müvafiq qaydada balansa götürülməyib. Aidiyyəti quruma qəsəbədə sayğacların quraşdırılması üçün edilən müraciətlər də nəticəsiz qalıb. Buna baxmayaraq, məsələ Qaçqınkomun diqqətindədir. Həlli istiqamətində lazımi addımlar atılır.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...