Gəncə Körpələr Evində biabırçı mənzərə - Uşaqları bir-birinə bağladılar - VİDEO
Tanınmış fitnes ustası Kamil Zeynallı Gəncə Körpələr Evində çəkilən videonu paylaşıb.
BAKU.WS xəbər verir ki, fitnes ustası körpələr evində uşaqlara yaxşı baxılmadığını bildirib. Çox sayda şikayətlər aldığını deyən Kamil bu məsələyə dövlət qurumlarından reaksiya verilməsini xahiş edib:
"Uşaqlar pintilik içində yaşayır. Uşaqlara gələn payları mənimsəyirlər. Bilirəm ki, heç vaxt boyunlarına almazlar. Gəncə Körpələr Evinin müdirəsini və işçilərini dəyişmək lazımdır. Ora gələn insanlarla da çox vaxtı söyüşlə, təhqirlə danışırlar. Bir neçə nəfər ora yardım aparıb. Səhəri gün yenidən gəliblər ki, həmin paylar orada yoxdu. Uşaqları iplə bir-birinə bağlayıblar".
Kamil Zeynallının şəxsi "Instagram" səhifəsində Gəncə Körpələr Evindən paylaşdığı videoya qurumun baş həkimi Lətifə Kərimova münasibət bildirib.
Baş həkim BAKU.WS-in bölgə müxbirinə açıqlamasında deyib ki, Kamil Zeynallının paylaşdığı video və yazdığı şərh tamamilə yalandır:
"Birincisi, Kamil Zeynallı heç bu körpələr evində olmayıb. Yəni olanları özü görməyib. İkincisi, bu video sentyabr ayında çəkilib, kim tərəfindən çəkildiyini də bilmirəm. Kadrlarda guya uşaqlar bir-birinə bağlanıb və s. Onu deyim ki, orada uşaqlar bir-birinə bağlanmayıb. Sadəcə qarın nahiyələri sarılıb ki, soyuqlama olmasın.
Bu videodan sonra aidiyyətli qurumlar gəldilər, yoxladılar, baxdılar, gördülər. Buradan uşaqların paylarının oğurlanması kimi boş, yersiz məlumatlara gəlincə, tamamilə yalan və cəfəngiyatdır. Mən Kamil Zeynallının paylaşdığı videonun şərh bölməsinə yazmışam. O, bu günədək nə gətirib ki, biz onu mənimsəmişik? Deyəcəyim odur ki, bu qədər yalan danışmaq olmaz, yaraşmaz".
Oxşar xəbərlər
Gəncədə körpələr evində uşaqlar bir-birinə bağlanılıb? - VİDEO
Bir neçə gün əvvəl Gəncədə 2 saylı Körpələr evi ilə bağlı bir sıra xoşagəlməz məlumatlar yayılıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, sözügedən uşaq evi...