Ermənilərlə üzbəüz yaşayan azərbaycanlı ailə (VİDEO)
23 ildən sonra erməni işğalından azad olunan "Lalə ilahi təpə"nin ətəyində yerləşən Cocuq Mərcanlı kəndindəyik. Əslində Füzuli səfərimizin ilk günündə bu kəndə gəlmişdik. Ətrafdakı dağılmış evlər, yarımçıq qalmış tikililər, insana ilk baxışdan tərk edilmiş yeri xatırladırdı.
BAKU.WS məlumat verir ki, bu barədə ANS-in hazırladığı süjetdə deyilir. Və bütün bunların fonunda abad, hər bir şəraiti olan bir ev diqqətimizi cəlb elədi. Sorub-soruşdurandan sonra məlum oldu ki, bu evin sakini bütün təhlükəyə, erməni silahlılarının yağdırdığı güllə yağışına rəğmən öz yurd yuvasını tərk etməyib. Ailəsi ilə birlikdə, təmas xəttinə ən yaxın yerdə ev tikərək artıq 23 ildir ki, burada yaşayır.
"İmişli rayonunun Xəlifəli kəndində bir nəfər mənə dedi ki, siz qaçqınsız, torpağınızı qoyub gəlmisiz. O söz mənə ölümdən pis olub, inanın səmimiyyətimə. Bir Allahım şahiddir ki, o gündən bu günə burada yaşayıram. Heç çıxmaq fikrim də yoxdur. Ölsəm də bu torpaqda öləcəm mən…", - Cocuq Mərcanlı sakini Oqtay Həziyev dedi.
Erməni silahlı birləşmələrinin atdığı mərmilərin qəlpələri evin hasarını dəlik-deşik edib. Buna baxmayaraq, öz şəxsi təsərrüfatını yaradan Oqtay, həyətyanı sahəsində quşçuluq, heyvandarlıq və əkinçiliklə məşğul olur. Hətta arı pətəkləri belə gözümüzdən yayınmadı. Güllə səsinə öyrəşdiklərini deyən ev sahibləri, "Lalə ilahi təpə" yüksəkliyinin alınması ilə artıq həyati təhlükələrinin olmamasına da çox sevinirlər.
"Bəzi analar balalarına layla çaldığı kimi sanki güllə səsi də bizə layla çalırdı. Atışma təhlükəli hal alanda isə evdə yaşlı anamı, yoldaşımı baxın o qamışlıqda gizlədirdim. Elə günlər olub ki, inandırım sizi paltarla yatırdım. Amma indi çox rahat yatıram. Dünən yatdığım kimi son 20 ildə hələ yatmamışam", - O.Həziyev bildirdi.
Yaxın kəndlərdə yaşayan dostları Oqtayı və onun ailəsini yalnız buraxmır. Elə çəkiliş qrupumuz da orada olarkən, qonaqlı-qaralı gördük bu evi.
BAKU.WS
Oxşar xəbərlər
Cəbhədən SON XƏBƏR (VİDEO)
ANS-in Qarabağ bürosunun müxbiri Ramil İbrahimov cəbhədə son vəziyyətlə bağlı məlumatları çatdırıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin və KİV-lərin...