İcra orqanlarına nəzarət gücləndirilir - VİDEO

İcra orqanlarına nəzarət gücləndirilir - VİDEO
Video
Video 275

“Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim.

İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi.

Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi.

Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaqdır, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir.Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir.

Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm.

Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol.

Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib.

Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bildirib.BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, həyata keçirilən genişmiqyaslı islahatlar dalğasına təkan vermək, ictimai nəzarəti gücləndirmək və idarəçilikdə səmərəliliyi artırmaq əvəzinə bəzi məmurlar ümumi prosesi ləngidir.

Elə ötən gün dövlət başçısının sərəncamı ilə prezident administrasiyasında yaradılacaq yeni sistem belə hallarla mübarizədə effektiv rol oynayacaq.

Sərəncama əsasən, Administrasiyada Prezidentin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılmalı, eləcə də yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun göstəricilər üzrə qiymətləndirilməlidir.Millət vəkili Aydın Mirzəzadə:“Şübhəsiz ki, bu, qərarların icra vəziyyətini yaxşılaşdıracaq, eyni zamanda məsul şəxslərin öz vəzifələrinə çox məsuliyyətlə yanaşmalarına kömək edəcək.

Görülən işlər barədə məlumat yerləşdiriləcək. Cənab Prezident heç kəsə demədən sadəcə olaraq düyməni basaraq baxacaq.

Filan qərarın icrası, nə işlər görülüb, nə edilib. Heç nazirin, icra hakimiyyəti başçısının xəbəri yoxdur. Onlar məlumatları sistemə yerləşdirməlidirlər axı. Həmin məlumatları cənab Prezident başqa yerdən yoxlayacaq ki, nə dərəcədə düzgündür”.

Sərəncam idarəçiliyin təkmilləşdirilməsi istiqamətində mütərəqqi addım və icra başçılarına nəzarətin daha da sərtləşdirilməsi kimi qiymətləndirilir.Millət vəkili Arzu Nağıyev:

“Əvvəllər nəzarət əsasən kağız formasında idi. Sərəncam yerlərə çatmalı idi, onun icrası olunmalı idi, ona müvafiq plan tərtib olunmalı idi.

Bütün çeviklik, operativlik itirdi. Bu çevikliyi, operativliyi yenidən tənzimləmək üçün cənab Prezidentin verdiyi bu sərəncam çox mühüm əhəmiyyət kəsb edir.

Bu tək icra başçılarına qarşı deyil, ümumiyyətlə icra orqanlarına qarşı yönəlib. Yəni plan tərtib olunarkən onların hamısının qarşısında müddəti və icraçısı qoyulur. Həmin o müddətə də riayət olunmalıdır, icraçı da birbaşa cavabdehlik daşımalıdır".

Sərəncama əsasən, Prezident Administrasiyası beynəlxalq məsləhətçi şirkət cəlb etməklə təkliflərini 6 ay müddətində Prezidentə təqdim etməlidir.

Həmçinin Nazirlər Kabinetinə dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil etmək və icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə Prezidentə ildə iki dəfə məlumat vermək tapşırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər