İşbazların bazlığının nəticəsi… (VİDEO)

İşbazların bazlığının nəticəsi… (VİDEO)
Video
Video 1609

BAKU.WS ANS TV-nin vitse-prezidenti Mirşahin Ağayevin "Hesabat” verilişində hazırladığı Azərbaycanın gündəmi ilə bağlı süjeti təqdim edir: Bu həftə Azərbaycanın bir neçə rayonunda demək olar ki, eyni vaxtda lokal narazılıq dalğaları baş qaldırdı. Əlbəttə bunun birinci səbəbi heç şübhəsiz ki, camaatın birdən birə düşdüyü ağır vəziyyətdir. Beynəlxalq böhran Azərbaycandan yan keçmədi. Böhran neft xumarında uyumuş azərbaycanlıları qəfil yaxaladı. Bir yandan da məmur özbaşınalığı, inhisarçılığı, daha doğrusu ona son qoymaq üçün atılan addımları… Amma buna qədər icazə verin sizə bir sual verim: Həzərat, nə baş verib? Dolların kursu qalxıb, manatın kursu aşağı düşüb… və biz artıq müharibə vəziyyətində yaşayan bir ölkəyə, hər dəqiqə, hər an öz həyatını qurban verməyə hazır olduğunu bəyan edən xalqa əsla oxşamırıq. Amma biz yaşlılarımızdan eşitmişik ki, II dünya müharibəsində nələr yeməmişik: Elə Qarabağ müharibəsində də vəziyyət çox pis idi. Hətta un, çörək tapmaq da olmurdu. Biz o günlərdən keçib gəlmişik. Bu fəlakətlərdən sonra Allah rəhmət eləsin, Heydər Əliyev gəldi, neft müqavilələri imzalandı və ölkəyə neft pulları daxil olmağa, Azərbaycan zənginləşməyə başladı. Əmin-amanlıq yarandı. Yadımdadır, 90-cı illərdə Bakıdan Nasosnıya gedəndə böyük bir səhralıqdan keçib getmək lazım gəlirdi. İndi isə buralarda ev əlindən barmaq basmağa yer yoxdur. Hətta insanlar dağların başında yurd-yuva salırlar... Yəni neft pullarından sadə insanlar da xeyir görməyə başladılar. Qaçqınlar vaqonlardan, çadır şəhərciklərdən normal mənzillərə köçürüldülər. Zavodlar, fabriklər işə düşdü. Çoxlu iş yerləri açıldı. Yeni iş yerləri ilə birlikdə işbazlar üçün də yerlər tapıldı. Və bu işbazların işi ya da bazlığı nəticəsində biz bütün kapitallara diqqət yetirdik. İnsan kapitalından başqa. Dövlət başçısının kursu aydın idi. İş yerlərinin açılması, sosial rifah, regionların inkişafı, su, qaz, elektrikləşdirmə. O qədər işıqlandıq ki, başqa ölkələrə də işıq verməyə başladıq. Sözsüz ki, Leninin məşhur "kadrlar hər şeyi həll edir!” hökmü həmişə qüvvədədir, bizdə də bütün işlər kimlərəsə həvalə edildi, tapşırıldı, kimlərsə bu tapşırıqları icra etdi, kimlərsə yox… Məsələn, təhsil sahəsində buraxılmış səhvlər o qədər çoxaldı ki, mən şəxsən inanmıram ki, bu sahənin uğurlarını görməyə ömrüm çatsın. Bu gün, camaatı narahat edən problemlərin böyük əksəriyyəti məhz belə kadrlarla bağlıdır. İndi gəlin bir daha xatırlayaq. Bir yanda təbii resurslar, digər tərəfdə insan resursları. Təbii resurslar, məsələn, elə neft bu gün bizim iradəmizdən asılı olmayaraq ucuzlaşır. Bir zaman bu dövlətin dostu olan təbii sərvət indi özünü bizə qarşı əsl düşmən kimi aparır. Artıq 28 dollara düşüb. Düşməkdə də davam edir. Onun maya dəyəri isə Azərbaycanda 11-14 Birləşmiş Ştatlar dolları arasındadır. Belə çıxır ki, neftin barreli bu qiymətə düşəndə artıq "qara qızıl” dediyimiz dövlətimizə zərər verməyə başlayacaq… Biz nefti yarada bilmərik. Onun yaranışı bizim əlimizdə deyil. İnsanı yaratmaq isə Allahın izni ilə bizim əlimizdədir. Çox adi hətta ləzzətli, həzz dolu bir prosesdir. Sadəcə olaraq onu yaradandan sonra insana normal tərbiyə və təhsil vermək lazımdır. Şükürlər olsun Allaha ki, xalqımızın genetik mədəniyyəti və intellekti çox yüksəkdir. O da bizə imkan verir ki, istənilən böhrandan başıuca çıxaq. Biz qeyrətli xalqıq. Gəlin yadımıza salaq Gürcüstanı. Rusiya bu ölkəyə soxuldu Abxaziyanı, Cənubi Osetiyanı işğal etdi, bu respublikanın işığını, qazını kəsdi. Qışın oğlan vaxtı blokadaya saldı. Bəs Gürcüstanın ağır günlərində onun dadına kim çatdı? Azərbaycan! Baxmayaraq ki, bu çox təhlükəli idi. Biz öz torpaqlarımızı belə itirə bilərdik. Amma indi bizim nisbətən çətin günlərimizdir də. Amma gürcülər neynir? Qazın qiymətindəki beş-on qəpiyə görə Rusiya ilə işbirliyinə gedir. Rusiya ilə e. Onun ərazilərini işğal edən, onu dünənədək vaxtaşırı qaranlığa məhkum edən Rusiya ilə. Ey gidi dünya! BAKU.WS

Oxşar xəbərlər

İlhamə Quliyeva: "Mənim xalqıma devalvasiyanın dəxli yoxdur"

İlhamə Quliyeva: "Mənim xalqıma devalvasiyanın dəxli yoxdur"

Manatın dəyərdən düşməsi qiymət artımına, bir çox məkanların bağlanmasına və insanların işsiz qalmasına səbəb olub. Dünyanın bir çox ölkələrində sənət adamları...

1128 Şou-biznes 15:59 14 yanvar 2016

Son xəbərlər