"Ailə dəyərləri şou, bazar deyil!" - DK-nin şöbə müdiri Elgün Səfərovla MÜSAHİBƏ
Yerli telekanallarda yayımlanan sosial verilişlər vətəndaşlara hüquqi, psixoloji və maddi yardıma, eləcə də maarifləndirməyə hesablansa da, bu, bəzən əks-effekt verir. Bəzən aparıcıların düzgün termin seçməməsi, ekspertlərin mövzuya uyğun seçilməməsi maarifləndirməni əks təbliğata çevirir. Bu, daha çox ağbirçək və ya ağsaqqal qismində dəvət edilən ekspertlərdə özünü kobud formada büruzə verir.
BAKU.WS problemlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun fikrini öyrənib:
- Elgün bəy, bu kimi halların qarşısını necə almaq olar?- Məsələ bundan ibarətdir ki, çox təəssüf olsun ki, mediada çalışan bəzi jurnalistlər ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində peşəkar deyillər. Bu verilişlərdə danışan, ailə dəyərlərini qadın və uşaq şiddətinə qarşı çıxış edənlər, bu yöndə təşviqat kampaniyası aparanlar hansısa müsbət təsir göstərmək istəyirlərsə, bunlar hazırlanmış sosioloqlar və ya psixoloqlar olmalıdır.İkinci məqam isə budur ki, ailələri, sağlamlığı məhdud uşaqları təqdim edəndə onlara münasibət və müraciət qaydalarına riayət etmirlər. Onların gözünün qabağında sağlamlıq problemlərinin olduğunu vurğulayırlar. Həm də çox düzgün olmayan formada. Bununla da həmin insanlarda – uşaqlarda, qadınlarda psixoloji travmanın dərinləşməsinə səbəb olurlar. Çox təəssüf olsun ki, bu hal 1-2 kanalda deyil. Bütün kanallarda, daha dəqiq desək, özəl telekanallardakı aparıcılar bu səhvlərə yol verirlər. Çünki onlar bu verilişləri aparmaq üçün tələb olunan xüsusi ixtisasartırma proqramlarından keçməyiblər. Bu gün onlar o verilişləri aparmaq iqtidarında deyillər.Nümunə üçün bir misal çəkim; sağlamlığında problem olan uşağa dəstək olmaq istəyirsizsə, sağlamlığının bərpası üçün hansısa məbləği yığmaq istəyirsizsə, uşağın verilişə dəvət edilməsi, onun üzünün birbaşa göstərilməsi nə dərəcədə düzgündür? Belə məqamlar uşaq hüquqlarının pozulmasıdır və onun şəxsi həyatının toxunulmazlığının, ümumiyyətlə bütün hüquqlarının pozulmasıdır. Bu sahədə yazı hazırlayan, xüsusilə də ailə dəyərlərindən material hazırlayan, qadın və uşaq hüquqlarından danışan aparıcılar, eləcə də yazan jurnalistlər psixoloji və sosioloji təlimləri keçməlidirlər, hazırlanmalıdırlar. Sadə bir məqamı deyim; əlil uşaqdan söhbət gedə bilməz, "sağlamlığı məhdud uşaq" deyilməlidir. Uşağın yanında onun problemini qeyd etmək düzgün deyil. Bizim jurnalistlər danışanda düzgün terminlər seçmirlər, əl-qol oynadaraq danışırlar. Bu, çox vacibdir. Ola bilər ki, həmin aparıcı vətəndaşa həqiqətən yardım etmək istəyir, amma təsir mexanizmi əsk-effekt verir. Ən acınacaqlı məqam budur ki, əksəriyyət bunu şou proqrama çevirir. Xahiş edirəm, bunu qırmızı hərflərlə yazın: Ailə dəyərləri şou, bazar deyil! Ailə dəyərləri reytinq, şou, biznes maraqlarına uyğun olmamalıdır. Təəssüf olsun ki, bizdə bunu qarışdırırlar. Özəl telekanallardakı əksər aparıcılar buna riayət etmirlər.
- Jurnalist Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında dəfələrlə ekspert qismində çıxış edən yaşlı professor Sabir Tağıyev (Əlihüseynli) qadına və uşağa qarşı şiddətin müzakirəsi zamanı hər dəfə "Yüyürək at özünə qamçı vurdurmaz" el məsəlini nümunə gətirərək şiddəti təbliğ edib. Belə misalları digər verilişlər üçün də çəkə bilərik. - Efirə ekspert dəvət edəndə seçim etmək lazımdır. Yaşlı insanları, keçmiş hüquqşünasları və sairə ixtisas sahiblərini dəvət edirlər. Heç kim onlara pis demir. Biz onlara etiraz etmirik, hər kəsin öz fikri var və hər fikrə hörmətlə yanaşırıq, amma ümumbəşəri qəbul edilmiş standartlar var, hansı ki, BMT, eləcə də Azərbaycan qəbul edib. Azərbaycanda qadın və uşaq hüquqlarına riayət edilməlidir!Televiziya kanalları, ümumiyyətlə media orqanları zorakılığı təbliğ etməməlidir. Biz ümumiyyətlə sağlam ailəni, ailə dəyərlərini, Azərbaycan ailə dəyərlərini, qadın və uşaq hüquqlarının müdafiəsinin təbliğini sağlam şəkildə aparmalıyıq. Bəzən bu məsələdə Türkiyə təcrübəsi götürülür. Bu, düzgün deyil! İnkişaf etmiş ölkələrin təcrübəsini götürmək lazımdır.Bir məqamı da vurğulamaq istəyirəm; veriliş hazırlanır, bir faktı qeyd edirlər, arxa fonda mənfi fikir formalaşdıran musiqi verilir və həmin uşağın və ya qadının təqdimatı da mənfi formada edilir. Problem tək aparıcıda deyil, verilişin kreativ direktoru, prodüseri, rejissoru, ümumiyyətlə komandanın bütün tərkibi qaydalara riayət etməlidir. O verilişdə çalışanlardan ailə dəyərləri, qadın və uşaq problemlərinə uyğun şəkildə peşəkarlıq tələb olunmalıdır.
- Bəs bu problemin həlli yolunu necə görürsünüz? Komitə olaraq hansı tədbirlər görmək fikrindəsiniz?- Ümumiyyətlə, cəmiyyətdə zorakılığın, şiddətin qarşısının alınması üçün bu il ərzində yaz aylarından təlimlər başlanacaq və il ərzində davam edəcək. Açıq elan ediləcək. Marağı olan istənilən jurnalist bu təlimlərə qatıla bilər. Sertifikat veriləcək. Bu, hər il təkrarlanacaq. Təlimlərdə qadın və uşaq hüquqlarının işıqlandırılması qaydalarının meyarları, sosial-psixoloji iş, jurnalistlərin çıxışları, işlətdikləri terminlərlə bağlı mühazirələr olacaq. Bu tək təlimlərlə, qanunlarla məhdudlaşmamalıdır. Biz eyni zamanda həmin özəl telekanalların rəhbərlərinə müraciət edirik, xahiş edirik, kollektivdə belə verilişlərə aparıcı seçərkən insanların bu sahədə peşəkarlıq səviyyəsi müəyyənləşməlidir. Düzdür, mən bu iradları hamıya şamil etmək istəmirəm. Bu gün hamı şouya, reytinqə işləyir desəm, doğru olmaz. Bəlkə, insanlara saf ürəklə, real kömək etmək istəyənlər də var, ancaq qeyri-peşəkarlıq səbəbindən əks təsir göstərir. Verilişə dəvət edilən ekspertlər özləri belə dediyi sözlərin mahiyyətini, təsir gücünü başa düşmürlər. “Yüyrək at özünə qamçı vurdurmaz” deyən ekspertə izah etmək lazımdır ki, qadın insandır, vətəndaşdır və kişi ilə tam bərabər şəkildə hüquqlara malikdir. Qadın da, kişi də, uşaq da insandır. Burada söhbət fundamental olaraq insan hüquqlarından gedir.
Oxşar xəbərlər
Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020-ci il “Könüllülər ili” olması prosesinə uşaqların da töhfə verməsi, iştirakının təmin olunması, eləcə...