SİZİN REKLAM BURADA!
055 213 76 73


Ekologiya və Təbii Sərvətlər Nazirliyi BAKU.WS-in qaldırdığı problemi operativ şəkildə araşdırıb və günahkar cəzalandırılıb.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, Tovuz rayonunda ağac kəsilməsi ilə bağlı daxil olan şikayət  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.

“Araşdırma zamanı Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.
 
Faktla bağlı F.Həsənov barəsində protokol tərtib edilib və o 2360 manat məbləğində cərimə edilib.

Eyni zamanda, kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Ağacların əkilməsinə və onlara qulluq göstərilməsinə nəzarət olunacaq”, - deyə İradə İbrahimova vurğulayıb.

Qeyd edək ki, son vaxtlar vətəndaşlar və KİV nümayəndələri tərəfindən yaşıllıqların mühafiizəsinə diqqət artıb, bu da sevindiricidir.

İ.İbrahimova deyir ki, vətəndaşlar tərəfindən olunan operativ müraciətlər nəticəsində bir sıra ərazilərdə ağacların kəsilməsinin qarşısı alınıb:


"Nazirlik belə müraciətləri müsbət dəyərləndirir və bu işdə bütün ictimaiyyəti fəal, yaşıllığa qarşı qayğıkeş və həmrəy olmağa çağırır.

Lakin istərdik ki, hər kəs, hər bir vətəndaş ağac kəsilməmişdən öncə, onun qarşısının alınması üçün operativlik göstərərək dərhal Nazirliyə məlumat versin".

Bir daha xatırladırıq ki, Nazirliyin 168 nömrəli "Qaynar xətt"i 24 saat ərzində fəaliyyət göstərir.

"Vətəndaşlarımızdan xahiş edirik ki, hasara alınmış sahələrdə, tikinti yerlərində və digər ərazilərdə kəsilmək təhlükəsi olan ağacları qorumaq üçün nazirliyin "Qaynar xətt"inə məlumat versinlər. İnanırıq ki, bu cür qarşılıqlı əməkdaşlıq şəraitində yüzlərlə ağacı kəsilmədən xilas edə bilərik.

Son vaxtlar ayrı-ayrı vətəndaşlar və KİV nümayəndələri tərəfindən ətraf mühitin mühafiizəsinə diqqət artıb, bu da sevindiricidir. Ətraf mühitə qayğıkeş münasibətinizi dəyərləndirir və təşəkkür edirik", - deyə İ.İbrahimova vurğulayıb.

Qeyd edək ki, Tovuz şəhərinin mərkəzində sağlam və cavan küknar ağaclarının kəsilmə halı qeydə alınıb.

Bu barədə jurnalist Elçin Bayramlı "Facebook" səhifəsində yazıb.

Ziya SƏCCAD
BAKU.WS