SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz şəhərinin mərkəzində sağlam və cavan küknar ağaclarının kəsilmə halı qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Elçin Bayramlı "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, küçə kənarında əkilmiş, əvvəllər "Qastronom" olmuş, indi isə «Sultan market» adlanan mağazanın qarşısındakı səkiyə kölgə salmaqdan başqa heç nəyə mane olmayan ağacların kimin tapşırığı ilə və hansı sənəd əsasında kəsildiyini aydınlaşdırmaq mümkün olmayıb:

"Dünən axşam Tovuz şəhərinin mərkəzindən keçərkən qəflətən bir cinayətin şahidi oldum. Şəhərin mərkəzi meydanında - İcra Hakimiyyətinin binasının yanında günün günorta çağı sağlam və cavan küknar ağacları kəsilirdi. Cinayət yerinə yaxınlaşıb fotoları götürdüyüm vaxt ətrafdakı məsul şəxslər dərhal müxtəlif istiqamətdə aradan çıxdılar. Ağacları kəsən və zibil maşınına daşıyanlar Kommunal Təsərrüfat İdarəsinin işçiləri olduqlarını bildirdilər. Ətrafdakı şəxslərdən və RİH-i mühafizə edən polis nəfərindən soruşsam da, işin kimin tapşırığı əsasında aparıldığını gizlətdilər. Küçə kənarında əkilmiş, əvvəllər Qastronom olmuş, indi isə «Sultan market» adlanan mağazanın qarşısındakı səkiyə kölgə salmaqdan başqa heç nəyə mane olmayan ağacların kimin tapşırığı ilə və hansı sənəd əsasında kəsildiyini aydınlaşdırmaq mümkün olmadı".

Jurnalist həmçinin qeyd edib ki, sakinlərdən biri ağacların «Sultan market»in qarşısını açmaq üçün kəsildiyini ehtimal verib: "KTİ-nin müdiri Xaqani müəllimlə telefon əlaqəsi saxladım, dedi ki, bizə ancaq zibili daşımaq tapşırılıb, kimin kəsdirdiyini deyə bilmərəm. Axşama kimi məsələni aydınlaşdıra bilmədim, iş vaxtı qurtardığından icra hakimiyyətində heç kim yox idi. Sakinlərdən biri ağacların «Sultan market»in qarşısını açmaq üçün kəsildiyini ehtimal etdiyini dedi. Guya market daha yaxşı görünsün deyə. Bu gün məsələni aydınlaşdırmağa çalışacam. Ərazi ekologiya və ya yaşıllaşdırma idarələrinin bu ağac qətliamından xəbəri olub olmadığını, kəsintiyə icazə verilib verilmədiyini dəqiqləşdirəcəm. Faciə ilə bağlı rayon polis idarəsinə də məlumat vermişəm. Əgər bu ağacların kəsilməsi üçün müvafiq ekspert komissiyasının aktı və kəsilməsi üçün qanuni icazə sənədi yoxdursa, bunu edənlərin cəzalandırılması haqda yuxarı orqanlar qarşısında məsələ qaldıracam".

Mövzunu araşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə əlaqə saxladıq. ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BAKU.WS-ə bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb və nəticəsi barədə qısa müddət ərzində məlumat veriləcək.

Orxan Hüseyn
BAKU.WS
QALEREYA