"Yol polisi sürücünü vura bilməz. Sadəcə sürücü tabe olmadığı halda ona fiziki qüvvə tətbiq edilə bilər. Lakin istənilən halda yol polisinin vətəndaşı vurması yol verilməzdir”.

Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Kamran Əliyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, əgər yol polisi vətəndaşı vurursa, təhqir edirsə, o mütləq məsuliyyət daşıyır və qanun qarşısında cavab verəcək.

Bakıda yol polisinin "KamAZ” sürücüsünü döyməsi məsələsinə gəlincə, Kamran Əliyev bildirib ki, həmin hadisə Baş Dövlət Yol Polisi İdarəsində araşdırılır.

"Araşdırırıq ki, müəyyən edək sürücünü döyən yol polisləri kimlər olub. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək”, - deyə Kamran Əliyev vurğulayıb.

 

Qeyd edək ki, hadisə barədə "Bakıda yol polisləri sürücünü amansızcasına döydülər" adlı yazıda ətraflı məlumat vermişdik.

Ziya Babayev
BAKU.WS