Kamran Əliyev şikayət etdi: "Bizdə o qədər işçi yoxdur"
"Baş Dövlət Yol Polisi İdarəsinin 902 nömrəli qaynar xəttinə gün ərzində 120-160 arası müraciət daxil olur. Onlardan da 3-5 müraciət şikayət xarakterli olur". BAKU.WS-in məlumatına görə, bu barədə avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, edilən şikayətlərlə bağlı müvafiq tədbirlər görülür. Digər müraciətlər isə əsasən məlumat xarakterli müraciətlər olur: "Kimsə ya qanunvericiliklə, ya da protokolla bağlı nəsə soruşur. Yəni, sorğu xarakterli müraciətlər daha çox olur". Vətəndaşların 902 xidmətinin telefonlarının tez-tez məşğul olduğu barədə fikirləri ilə razılaşdığını deyən Kamran Əliyev bildirib ki, burada vətəndaşların müraciəti tam öyrənilir və həll edilir. Buna görə də vaxt uzanır: "Vətəndaşlar bəzən 902 xidməti ilə 102 xidmətini səhv salırlar. 102 xidmətində vətəndaşla uzağı 1 dəqiqə danışıb harasa yönləndirirlər. Amma 902-yə zəng edən şəxsə bizim əməkdaşımız bütün məsələləri başa salmalıdır, sona qədər izah etməlidir. Ola bilər ki, hansısa vətəndaşın müraciəti ilə bağlı bizim əməkdaş məsələni yerindəcə həll edir, həmin ərazi ilə danışır, məsələni aydınlaşdırır və vətəndaşa cavab verir. Bu da bəzən 10-15 dəqiqə vaxt aparır. Ona görə də, biz ora nə qədər əməkdaş cəlb etməliyik ki, eyni vaxtda hamının zənginə cavab versin?". Kamran Əliyevin sözlərinə görə, hazırda 902 xidmətində zənglərə cavab verən əməkdaşların sayının artarılması nəzərdə tutulmur: "Hazırda 902 xidmətinə Baş İdarənin bütün şöbələrindən əməkdaşlar cəlb olunub. Amma onların istirahətini də düşünmək lazımdır. Çünki 24 saat xidmət aparan insan istirahət də etməlidir. Bizdə o qədər işçi yoxdur ki, hər gün 902 xidmətinə 6-7 əməkdaş cəlb edək". Şöbə rəisi bildirib ki, sürücülərin 902 xidmətinə və DYP-nin özünə ərizə ilə edilən müracaiətləri əsasında yol polisinin qanunazidd hərəkətləri ilə bağlı təsdiqini tapan məsələlər də var: "Belə müraciətlər araşdırılır və təsdiqini tapdığı təqdirdə yol polisi əməkdaşı intizam məsuliyyətinə cəlb olunur, sürücülər barəsində tərtib olunmuş protokollara isə xitam verilir". BAKU.WS
Oxşar xəbərlər
Rayon maşınlarına qoyulan qadağa ləğv edilib?
Son günlər Azərbaycanda rayon qeydiyyatında olan avtomobillərin günün müxtəlif vaxtlarında Bakıya buraxılması ilə bağlı tətbiq olunan qadağının aradan qaldırılm...