SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün yağan güclü leysan və dolu Qobustanda xeyli fəsad törədib: körpülər uçub, evləri və həyətləri su basib. Sel nəticəsində Bakı-Şamaxı magistralı da bağlanıb.

BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, leysan və dolu ən çox rayonun Şıxzaharlı kəndinə zərər vurub. Kəndin girişindəki və kənddaxili körpüləri sel uçurub. Selin keçdiyi ərazilərdə yerləşən 20-ə yaxın evə ziyan dəyib. Bəzi evlərin divarları uçub, həyətlərə su dolub. 300-ə yaxın toyuq-cücə tələf olub.
 
Dolu kənd təsərrüfatına da ciddi ziyan vurub. 1000 hektara yaxın taxıl sahəsi məhv olub. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov da kəndə baş çəkib.

Ötən gecə güclü leysan səbəbindən Bakı-Şamaxı magistralı da bağlanıb, yüzlərlə avtomobil yolda qalıb. Dağlardan gələn sel suları rayon ərazisindən keçən avtomagistralda nəqliyyatın hərəkətini dayandırıb. Sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq, orada gölməçənin əmələ gəlməsinə və nəticədə magistral yolun bağlanmasına səbəb olub. Çökək ərazidən keçən yol və oradakı körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün avtomobillərin hərəkəti tam məhdudlaşıb. Yol bir neçə saat bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb.
 
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazidə polis postları qurulub və yolun açılmasına xeyli texnika, eləcə də canlı qüvvə cəlb edilib. Əvvəlcə maşınlardakı sürücü və sərnişinlər xilas edilib. 2 saata yaxın aparılan işlər nəticəsində suda və lilin içində batıb qalan minik avtomobilləri çıxarılıb. Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel suları başqa əraziyə axıdılıb. Yolda avtomobillərin hərəkəti təmin edilib.

Çəkilməkdə olan 4 zolaqlı Bakı-Şamaxı-Yevlax yoluna da ciddi ziyan dəyib.
 
BAKU.WS