SİZİN REKLAM BURADA!
055 213 76 73


Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub.

13 yaşında atasını itirən Həzi ailəsinə baxmaq üçün bir müddət kərpic zavodunda fəhlə işləyir, daha sonra isə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilir.

O, hərbi hazırlıq məktəbində oxuduğu zaman qısa müddət də olsa, məktəbin “rota qəzeti”ndə redaktor kimi işləyir. 1937-ci ildə Ukrayna SSR-in Obruç şəhər sovetinin deputatı seçilən Həzi Aslanov İkinci Dünya müharibəsinə qədər sovet ordusunda bir çox yüksək vəzifələrdə çalışıb. Stalinqradın azad olunmasında sərkərdə Həzi Aslanovun müstəsna xidmətləri olub. O, 32 yaşında Sovet İttifaqı Qəhrəmanı, 34 yaşında isə general olub.

1945-ci ildə bütün müttəfiq respublikalarda müdafiə nazirlikləri yaranan zaman Mircəfər Bağırov onu Azərbaycanın müdafiə naziri təyin etmək haqqında fikir bildirir. Həmin vaxt Nazirlər Sovetinin sədri olan Teymur Quliyev deyir ki, hazırda müharibə gedir, Həzi Aslanova icazə verməzlər, o döyüşdədir.

Bağırov Stalinə zəng edib, Həzi Aslanovun Azərbaycana gəlməsi üçün icazə alır. Onu ilk təbrik edən SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı Baqramyan olur. O, Həzi Aslanova deyir: “Həzi, səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan”.

Həzi Aslanov təklif edir ki, almanlardan qənimət götürülən altılüləli minomyot orta cinahda yerləşdirilsin və düşmənə atəş açsın. Səhəri gün Həzi Aslanov Bakıya getməli idi. Onun bir yük maşını var idi, dincəlmək üçün həmin maşını yaşayış otağına çevirmişdi. Oraya gedir, çəkmələrini çıxarır ki, rahatlansın. Aradan 20-25 dəqiqə keçməmiş altılüləli minomyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir.

General Həzi Aslanov 24 yanvar 1945-ci ildə Mitava şəhəri yaxınlığında müəmmalı şəraitdə həlak olur. Ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ölümündən 47 il sonra, 1991-ci ildə verilir.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO