İsmayıllının Sədiyan kəndində baş verən torpaq sürüşməsi nəticəsində təhlükəli vəziyyət yaranıb.

BAKU.WS ARB Şəki-yə istinadən xəbər verir ki, 1 həftədir başlayan sürüşmə prosesi son iki gündə daha da aktivləşib.

320 nəfər sakini olan kənddə 5 yaşayış evi sürüşmənin aktiv olduğu ərazidə yerləşir. Sürüşmə nəticəsində dərinliyi 1,5 metr, eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib.

Rayonun Diyallı kəndi də sürüşmənin aktiv olduğu yaşayış məntəqələrindən sayılır. Yağıntılar davam edərsə, burda da sürüşmənin aktivləşəcəyi ehtimal olunur.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, əraziyə aidiyyatı orqanlar tərəfindən baxış keçirilib, vəziyyət nəzarətdə saxlanılır. Artıq Sədiyan kəndində 1 evin sakinlərinin təxliyə olunmasına qərar verilib.
 
BAKU.WS