SİZİN REKLAM BURADA!
055 213 76 73



"Dünyanın enerji bazarının tənzimlənməsi, neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir".

Prezident İlham Əliyev ölkəmizə rəsmi səfərə gələn Venesuela prezidenti Nikolas Maduro ilə görüşündən sonra mətbuata bəyanatında belə deyib.

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun rəsmi qarşılanma mərasimi olub. Qonağı Prezident İlham Əliyev qarşılayıb.

Dövlət başçılarının görüşündə ticarət, investisiya qoyuluşu, energetika sahələrində  əlaqələrin araşdırılması barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi baxımından OPEC-ə üzv və üzv olmayan ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra Azərbaycan-Venesuela sənədlərinin imzalanması mərasimi olub. Prezidentlər Birgə Bəyanata imza atıblar. Bununla yanaşı, "Azərbaycanla Venesuela arasında siyası məsləhətləşmələr mexanizminin yaradılması haqqında" Anlaşma Memorandumu, "Diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişə qol çəkilib.

Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bildirib ki, tarixdə ilk dəfədir ki, Venesuela Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. İmzalanan Birgə Bəyannamədə siyasi, iqtisadi, sərmayə qoyuluşu, energetika, nəqliyyat, elm, təhsil, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlıq məsələləri əksini tapır. Bununla yanaşı, sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı əsasında həll olunması qeyd edilir.

Prezident dünya enerji bazarında mövcud vəziyyətə də toxunaraq qeyd edib ki, neftin qiyməti ilə bağlı balans pozulub. 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər. O ölkələrin, o cümlədən Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil.

Venesuela prezidenti Nikolas Maduro isə bildirib ki, neftin hasilat səviyyəsinin dondurulması ilə bağlı OPEC və qeyri-OPEC ölkələri arasında yekun sazişin imzalanmasına az qalıb. Bu, neft bazarında sabitliyin bərqərar olunması mərhələsi elan edilə bilər.

Sonra ali qonağın şərəfinə rəsmi ziyafət verilib.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS