SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.TV Kiyevdə keçirilən “Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında medianın rolu” adlı beynəlxalq “dəyirmi masa”dan süjet hazırlayıb.

Qeyd olunub ki, tədbirdə iki ölkə arasında medianın sıx əlaqələr qurmasına tələbatın gündən-günə artdığı vurğulanıb.

Halbuki, Ukrayna və Azərbaycan ictimaiyyəti bir-birləri haqqında informasiyaları üçüncü ölkə vasitəsi ilə əldə edir.

Buna görə də birgə əməkdaşlıq ölkələrdə baş verən hadisələr barədə daha dolğun məlumatların oxuculara çatdırılması üçün vacibdir.

Süjetdə qeyd olunub ki, “Report” və UNİAN arasında imzalanan memorandum bu istiqamətdə atılan ilk addımdır.

Bildirilib ki, memorandumu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyevlə UNİAN İnformasiya Agentliyinin şef redaktoru Mixail Qannitskiy imzalayıb.

Sənəddə tərəflər arasında məlumat mübadiləsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

O cümlədən tərəflər ölkələrinin daxili və beynəlxalq həyatında cərəyan edən hadisələr haqqında operativ və etibarlı informasiyaların müntəzəm mübadiləsini dəstəkləmək barədə razılığa gəliblər.

Üstəlik, bu əməkdaşlıq təmənnasız əsasda həyata keçiriləcək. Mərasimdə iştirak edən ictimai-siyasi xadimlər də Ukrayna və Azərbaycan arasında əməkdaşlığı genişləndirən memorandumun imzalanmasını yüksək qiymətləndirib.

Tədbir çərçivəsində Azərbaycandan gələn qonaqlar UNİAN-ın iş rejimi ilə də tanış olublar. Kollektivlə fikir mübadiləsi aparılıb.

BAKU.WS
VİDEO