Vaxtilə Xocalıdan məcburi köçkün düşmüş, hazırda isə ABŞ-ın Kaliforniya ştatında yaşayan və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü olan Anar Usubov amerikalı bloger Sandra Stringerlə Xocalı hadisələri və ikinci Qarabağ müharibəsi haqqında fikirlərini bölüşüb.

BAKU.TV həmyerlimizin amerikalı fəalla söhbətini təqdim edib.

O, bildirib ki, faciəli hadisələr zamanı cəmi 8 yaşı olmasına baxmayaraq, həmin dəhşətləri yaxşı xatırlayır və qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss etməkdədir.

“Düzü, ötən ilin ortalarında, hələ müharibə başlamazdan əvvəl mənim öz torpaqlarımızı geri qaytaracağımıza heç bir ümidim yox idi. Üstündən 30 il keçib.

Amma sonradan baş verənlər göstərdi ki, Azərbaycan heç zaman öz əzəli torpaqları üzərindəki suveren haqlarından imtina etməyib.

Bizim qələbəmizdə Türkiyənin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstəyin rolu danılmazdır. Hərçənd, ermənilər döyüşlərdə türk hərbçilərinin iştirakını iddia etsələr də, buna dair heç bir sübut təqdim edə bilməyiblər.

Bizimlə qarşı-qarşıya döyüşlərdə uduzduqlarını görən ermənilər dinc sakinlərin yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutublar.

Onlarla mülki əhalini öldürüblər. Bu baş verənlər mənə uşaqlıqda yaşadığım dəhşətləri xatırladırdı. İndi bütün məcburi köçkünlər doğma yurd-yuvalarına qayıtmaq həsrətilə yaşayır. Bunun dəqiq nə vaxt baş verəcəyini isə hələ ki bilmirik”, - deyə A.Usubov bildirib.

Onun sözlərinə görə, məcburi köçkünlərin bir çoxu torpaqlarımızın azad olunacağı günü görmək arzusu ilə vəfat edib. Lakin onun ən böyük xoşbəxtliyi məhz bu günləri gözlərilə görməkdir. Belə ki, bu xoşbəxtlik heç də hər kəsə nəsib olmayıb.

“Bu günləri gördüyüm üçün özümü bəxtəvər hesab edirəm. Lakin bir daha müharibənin olmaması üçün əlimdən gələni edəcəyəm. Əgər bölgədə yenidən qarşıdurma baş verərsə, bunun sonu olmayacaq. Düşünürəm ki, biz hamımız yeni savaşın qarşısını almaq üçün bütün gücümüzü səfərbər etməliyik”, - deyə keçmiş Xocalı sakini qeyd edib.

Sonda onu da bildirək ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi bu müsahibəni bir çox yerli Amerika təşkilatları və aidiyyəti qurumlarla bölüşüb. Həmçinin Xocalı qətliamının ildönümü ilə bağlı bu təşkilatlara əlavə məlumatlar çatdırıb.

Daha ətraflı BAKU.TV-nin təqdim etdiyi videomaterialda:

BAKU.WS
VİDEO