UFC-də döyüşməyə hazırlaşan azərbaycanlı: "Həbib mənə çox kömək etdi" - FOTO/VİDEO

UFC-də döyüşməyə hazırlaşan azərbaycanlı: Həbib mənə çox kömək etdi - FOTO/VİDEO
Foto Video
İdman 1095

Ötən gün ABŞ-da yaşayan həmyerlimiz, qarışıq döyüş növləri üzrə idmançı Hüseyn Əliyev Texas ştatının Hyuston şəhərində keçirilən həlledici turnirdə qələbə qazanıb.

BAKU.WS xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən H.Əliyev beş raund davam edən kəmər uğrunda döyüşdə (“Title Fight”) 30 yaşlı ABŞ idmançısı Andres Quintanadan üstün olub.

Növbəti mərhələdə UFC-də Azərbaycanı təmsil etməyə hazırlaşan Hüseyn Əliyev BAKU.WS-ə eksklüziv müsahibə verib.

- Sizin UFC-də döyüşmək şanslarınız nə qədər realdır?

- UFC-də çıxış etmək şanslarım 100 faizdir. “Title Fight” kəməri qazandıqdan sonra növbəti mərhələ artıq UFC-dir. Hazırda turnirin təşkilat komitəsindən cavab gözləyirəm. Sənədləşmə işləri artıq tamamlanıb. Həkimdən keçdikdən sonra təsdiqlənəcək. Bu, bir ay müddət də apara bilər. İdmançıların zədələnməsi və turnirdən kənarda qalması mənim iştirakımla bağlı prosesi bir qədər sürətləndirə bilər.

- Həbib Nurmaqomedovla sizi bağlayan nədir və onunla məşqləriniz necə keçir?

- Həbiblə məni bağlayan "AKA" idman klubudur. Bizim münasibətimiz oradan başlayıb. Həbibin məşqçisi olan Xavier Mendez mənim də məşqçimdir. Son məşq toplanışında mənə çox kömək etdi və dəstək oldu. O, məşqlərdə mənə çətin fəndlərlə bağlı məsləhətlərini verdi. Hətta Həbiblə məşğul olduq və güləşdik. Demək olar ki, bütün məşqlərdə məni öz komandasından ayırmadı. Həbib bir əfsanədir və o, gənc idmançılara kömək etməkdən həzz alır.

- UFC-də döyüşən idmançılardan hansıları özünüzə rəqib kimi görürsünüz?

- Bu turnirdə mənim çəkimdə olan bütün rəqiblər güclüdür. Yüngül çəki dərəcəsində güclü idmançılar mübarizə aparır. Bu idmançılar barəsində bir söz demək istəmirəm və turnirdə iştirak zamanı rəqibim olacaq idmançılar barəsində isə vaxtı çatanda danışacam.

- Sizin UFC-də hədəfiniz nədir? Yarışlara qatılsanız, özünüz üçün hansı həfədləri qoymusunuz?

- Hədəfim ən son gedə biləcəyim yerə qədər getməkdir. Təbii ki, çempion olmaq istərdim. Mən Azərbaycan gəclərinə həm də yol açmaq istəyirəm. İstərdim ki, dünya arenasında ölkə, millət və bayraq olaraq öz sözümüzü deyək.

- UFC-də qonarar yüksək olmasını nəzərə alsaq, sizin gəlirləriniz artarsa, həyat tərzinizi necə planlaşdırırsınız? Həyatınızda hansı dəyişikliklər olacaq?

- Qonorarların yüksək olması mənim həyat tərzimə heç cür təsir edə bilməz. Mənim qazanacağım pullar normal həyat tərzimdə dəyişikliyin olması ilə nəticələnməyəcək. Müəyyən təsirlər, təbii ki, qaçılmazdır. Lakin mən investisiyanı özümə və məndən sonra gələcək idmançılara qoyaraq dəyişiklik etmək fikrindəyəm. Azərbaycanda böyük klublar açmaq, yaxşı menecerlər tutmaqla gələcək nəsilə dəstək olmaq lazımdır.

- UFC-də iki azərbaycanlı iştirak edərsə, siz onunla avtoqona çıxarsınızmı?

- Mən sevinərəm ki, UFC-də onlarla idmançı çıxış etsin. Amma bizim bir-birimizlə döyüşməyimiz düzgün olmazdı. Çünki biz özümüzü dünyaya sübut etmək istəyirik. Burada idmançıları bir-birindən fərqləndirən onların fərqli idman növünə malik olmalıdır. Mən azərbaycanlı ilə avtoqona çıxmaqdansa, onunla birgə məşq edib təcrübələri bölüşməyi üstün tuturam.

- ABŞ-da yaşamaq nə qədər asandır?

- Mən ABŞ-da 2019-cu ildən yaşayıram. Burada yaşamaq həm asan, həm də çətindir. Çətin tərəflər burada sənədləşmə işləri ilə bağlıdır. Həmçinin başqa ölkədə yaşayıb ABŞ-a köçən şəxslərdə dil problemi də yaşanır. Mənim burada gündəlik həyat tərzim səhər və axşam məşqlərdə keçir. Ona görə digər məsələlərdən o qədər də xəbərdar deyiləm.

Son xəbərlər