Suqovuşanda “Prezident Kuboku-2023” beynəlxalq reqatasının rəsmi açılışı olub - FOTO

Suqovuşanda “Prezident Kuboku-2023” beynəlxalq reqatasının rəsmi açılışı olub - FOTO
Foto
İdman 82

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Suqovuşanda təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, federasiyanın baş katibi Fərhad Əliyev, “Azərreyl” Voleybol Klubunun prezidenti Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov, digər federasiyaların rəsmiləri və qonaqlar iştirak ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra söz çıxış üçün Vüqar Əhmədova verilib. Qonaqları salamlayan AKAF prezidenti yarışda 20-dək ölkə idmançılarının iştirak etdiklərini xatırladıb. O bildirib ki, reqatanın ilk günü məhz ümummilli lider Heydər Əliyevin tapşırığı ilə inşa olunmuş Suqovuşan su anbarında keçirilir. V.Əhmədov bütün iştirakçı ölkələrə uğurlar arzulayıb.

Ardınca danışan Bəşir Hacıyev turnirin əhəmiyyətindən söz açıb. O qeyd edib ki, reqatanın ulu öndərin 100 illik yubileyinə həsr olunması xüsusi önəm daşıyır:

“Qarabağa həyat qayıdır, işğaldan azad olunmuş torpaqlar önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Biz qalib ölkənin vətəndaşlarıyıq. Bu, hər zaman bizə doğru yolu göstərəcək. İştirakçılara uğurlar arzu edirəm”.

Sonda isə Fərid Qayıbov çıxış edərək iştirakçıları salamlayıb. Nazir üçüncü dəfə təşkil olunan beynəlxalq yarışda hər dəfə iştirakçı ölkələrin sayının artdığını vurğulayıb:

“Tədbirimiz ən yüksək səviyyədə keçir. Buna görə nazirlik adından federasiyaya təşəkkürümü bildirirəm. Təşkilatçılıq dövlətin dəstəyi olmadan mümkün deyil”.

F.Qayıbov deyib ki, idmançılar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirlər:

“Bu il “Heydər Əliyev İli”ni qeyd edirik. Müxtəlif federasiyalar beynəlxalq tədbirlər keçirirlər”.

İdmançılara uğurlar arzulayan nazir yarışı açıq elan edib.

Açılış mərasiminin sonunda iştirakçı ölkələr təqdim olunublar.

Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayacaq.

Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırma və bağlanış mərasimləri isə Bakıda keçiriləcək.

Son xəbərlər