Şamanlar futbola necə təsir etməyə çalışıb? - Ronaldodan SSRİ-yə qədər maraqlı faktlar
Futbol dünyasında taktika, məşq və ustalıq qələbənin əsas şərtləri hesab olunsa da, Afrikanın bəzi ölkələrində uzun illərdir ki, uğurun mistik qüvvələrin köməyi ilə qazanıldığına inananlar da az olmayıb.
BAKU.WS-in məlumatına görə, hətta bəzi klubların və milli komandaların şamanlarla əməkdaşlıq etməsi, onların maaş alması və oyunlardan əvvəl xüsusi ayinlər keçirməsi ilə bağlı çoxsaylı hadisələr qeydə alınıb.
Şamanlar futbolun ayrılmaz hissəsi olub
Nigeriyalı alim Çuka Onvumeçilinin "Afrika futbolu" mövzusunda araşdırmalarında qeyd olunur ki, bir vaxtlar bir çox Afrika klubunda şamanlar rəsmi şəkildə fəaliyyət göstərib. Bəzi klub rəhbərləri isə şəxsi cadugərlər saxlayaraq onların xidmətindən istifadə ediblər.
Hətta Kamerunun keçmiş idman naziri Bidon Mpkatt yerli bir şamandan məktub aldığını açıqlamışdı. Həmin şəxs Kamerun millisinin Afrika Kubokunu qazanmasına "sehrinin kömək etdiyini" iddia edərək bunun müqabilində 45 min avro tələb etmişdi.
CAF qadağa qoydu, amma inanc dəyişmədi
2001-ci ildə Afrika Futbol Konfederasiyası (CAF) şamanların rəsmi şəkildə stadionlara və komandaların düşərgələrinə buraxılmasını qadağan etdi. Qərara əsasən, bu cür hərəkətlər qeyri-idman davranışı kimi qiymətləndirildi.
Buna baxmayaraq, bir çox ölkədə futbolçular və azarkeşlər mistik ayinlərə inanmağa davam etdilər.
Qapıya səpilən "sehrli məhlul" faciə ilə nəticələndi
2008-ci ildə Konqoda keçirilən yerli çempionat oyunlarından biri tarixə faciə kimi düşüb. Məlumata görə, ev sahibi komandanın qapıçısı oyundan əvvəl şamanın göstərişi ilə qapı dirəklərinə xüsusi məhlul səpərək müxtəlif dualar oxuyub. Bundan sonra stadionda gərginlik yaranıb, futbolçular arasında dava başlayıb, azarkeşlər də qarşıdurmaya qoşulublar.
İğtişaş nəticəsində 13 nəfər həyatını itirib, onlarla insan ağır xəsarət alıb. Rəsmi şəxslər hadisənin mistika ilə əlaqəsini təkzib etsələr də, yerli sakinlərin əksəriyyəti baş verənləri şamanın ayini ilə əlaqələndirib.
Qapıçının əlcəkləri "tilsim" hesab edildi
2001-ci ildə Ruanda və Uqanda milliləri arasında keçirilən oyunda isə qalmaqala ehtiyat qapıçı əlcəkləri səbəb olub. Ruandalı qapıçı ehtiyat əlcəklərini qapı torundan asdıqdan sonra rəqib futbolçular bunun sehrli talisman olduğunu düşünərək etiraz ediblər.
Maraqlıdır ki, Uqanda yığması həmin görüşdə bir neçə dəfə dirəyə zərbə endirib. Bundan sonra meydanda dava düşüb, qarşıdurmaya azarkeşlər də qoşulublar. Beş saat davam edən fasilədən sonra oyun başa çatdırılıb və Ruanda 1:0 hesabı ilə qalib gəlib.
Dünya çempionatı öncəsi qurban ayini
2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatı ərəfəsində yüzlərlə şaman Yohannesburqdakı "Soccer City" stadionunda xüsusi mərasim keçirib. Qədim inanclara uyğun olaraq öküz qurban verilib və stadionun ətrafına qan səpilib. Məqsəd milli komandanı zədələrdən qorumaq və uğur qazanmaq olub.
Lakin bütün bu ayinlərə baxmayaraq, Cənubi Afrika millisi qrup mərhələsini keçə bilməyərək turnirlə erkən vidalaşıb.
Ronalduya "qarğış" göndərdiyini iddia etdi
2014-cü il dünya çempionatı ərəfəsində Qananın məşhur şamanlarından Nana Kvakku Bonsam sensasiyalı açıqlama vermişdi. O bildirmişdi ki, Kriştianu Ronaldunun zədələnməsinə məhz onun etdiyi sehr səbəb olub.
Şaman hətta Ronaldonun mundialda Qanaya qarşı oynaya bilməyəcəyini iddia etsə də, hadisələr fərqli inkişaf edib. Portuqaliya və Qana arasında keçirilən oyunda məhz Ronaldunun vurduğu qol komandasına qələbə qazandırıb. Bununla belə, nə Portuqaliya, nə də Qana pley-off mərhələsinə yüksələ bilib.
SSRİ millisinin futbolçuları da şamanı xatırlayır
Afrika şamanları ilə bağlı ən məşhur hekayələrdən biri də 1989-cu ildə keçirilən gənclər arasında dünya çempionatı ilə əlaqədardır. SSRİ yığması Nigeriya ilə dörddəbir final görüşündə 61-ci dəqiqəyə qədər 4:0 hesabı ilə öndə olsa da, daha sonra rəqib hesabı bərabərləşdirərək penaltilərdə qalib gəlib.
Həmin oyunda çıxış edən keçmiş futbolçu Sergey Kiryakov sonradan xatirələrində bildirib ki, qarşılaşmadan əvvəl buynuzlu maska taxmış bir şaman meydanda müxtəlif ayinlər icra edir, tüstü buraxır və dualar oxuyurdu.
Onun sözlərinə görə, əvvəlcə buna zarafat kimi yanaşsalar da, oyunun gedişində baş verən inanılmaz dönüşdən sonra həmin görüntüləri uzun müddət unuda bilməyiblər.
Bu hadisələrin elmi izahı olmasa da, Afrika futbolunda şamanlar və müxtəlif mistik ayinlər illərdir həm futbolçular, həm də azarkeşlər arasında ən çox danışılan mövzulardan biri olaraq qalır.
Oxşar xəbərlər
Mbappe DÇ-2026-da Messinin rekorduna bir addım da yaxınlaşdı
Fransa millisinin hücumçusu Kilian Mbappe FIFA 2026 Dünya Çempionatında növbəti uğuruna imza atıb. BAKU.WS xəbər verir ki, Fransa yığmasının İsveç üzərində 3:0...