Nigar Arpadarai: "Bu il xərcimiz daha az olacaq" (EKSKLÜZİV MÜSAHİBƏ)

Nigar Arpadarai: Bu il xərcimiz daha az olacaq (EKSKLÜZİV MÜSAHİBƏ)
İdman 2600
BAKU.WS Bakıda Formula 1 yarışınının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə müsahibəni təqdim edir.Bildiyimiz kimi 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisi əvvəlki illərdən fərqli olaraq daha tez keçiriləcək. Bunun səbəbi nədir?Bu il Bakıda Formula 1 yarışı əvvəlki illərlə müqayisədə daha tez - aprel ayında baş tutacaq. Çempionatın təqvimi hər il yenidən tərtib olunduğuna görə yarışlar müxtəlif tarixlərə keçirilə bilər. Bu il baş tutacaq dövlət tədbirləri ilə əlaqədar olaraq xahiş etdik ki, yarış daha tez olsun. İlkin təqvimə əsasən növbəti il Bakıda keçiriləcək Azərbaycan Qran Prisi aprelin 27-29-u tarixləri üçün nəzərdə tutulub. Dekabr ayının əvvəllərində rəsmi təqvim tam təsdiqlənəcək. Yollarda təmir işləri yenidən aparılacaq? Bizim il-ildən təmir işlərimiz daha da azalır. İlk ildə 6 kilometrlik yol tam təmir olunmuşdusa, ikinci ildə - yəni ötən yarış üçün yalnız qəmbər daşlı yollardakı – Niyazi və Əziz Əliyev küçələrindəki hissənin üst qatı asfaltla örtüldü. Bu il üçün isə hətta o iş də qalmayıb. Yəni təmir işləri daha az olacaq. Yolun kənarındakı konstruksiyalar – baryerlər, bloklar, tribunalar da tam hazır şəkildə anbarımızda qalmaqdadır. Onların sadəcə quraşdırılması lazımdır. Dənizkənarı bulvarda əyləncəli tədbirlər üçün nəzərdə tutulan avadanlıqların da çoxu hazırdır. Bu il proqrama yeni əyləncəli tədbirlər də əlavə olunacaq.Jurnalistlərin akkreditasiyası nə vaxtdan başlayır və qeydiyyatda dəyişiklər olacaqmı?Jurnalistlərin akkreditasiyası da təbii ki, bu il daha tez başlayacaq. Adətən, biz bu prosesə yarışdan 3-4 ay əvvəl başlayırıq. Yəqin ki, bu il proses dekabrdan başlayacaq. Hər il olduğu kimi, bu il də yerli jurnalistlərlə yaxından işləyəcəyik ki, daha çox jurnalist qeydiyyatdan keçib, yarışları işıqlandıra bilsin. Kriteriyalar nəyə əsasən müəyyənləşir?Hamıya məlumdur ki, Beynəlxalq Avtomobil Federasiyasının və Formula 1 Rəhbərliyinin jurnalistlərlə bağlı qeydiyyat meyarları çox ciddidir. Hansısa jurnalist bu meyarlara uyğun deyilsə, ona akkreditasiya verilmir. İldən-ilə daha çox yerli jurnalist bu meyarlara cavab verməyə çalışır və onların sayı da artır. Bu yaxınlarda həmkarlarımız Sinqapurda keçirilən Qran-Priyə getmişdilər. Bildiyiniz kimi, orada artıq onuncu ildir ki, bu yarış keçirilir. Amma bununla belə, orada yerli jurnalistlərdən cəmi 28 nəfər qeydiyyatdan keçib. Bizdə isə qeydiyyatdan keçən yerli jurnalistlərin sayı bundan qat-qat çoxdur. Sinqapurla özümüzü müqayisə edəndə görürük ki, daha çox iş görmüşük. Jurnalistlər üçün təlimlər keçiririk, qeydiyyatdan keçməyə kömək edirik. Biletlərin satışı nə vaxt başlayacaq? Biletlərin satışı noyabrda başlayacaq. Ötən iki ilə əsasən deyə bilərik ki, xarici ölkələrdən daha çox Rusiyadan tamaşaçımız olur. İkinci yerdə Böyük Britaniya, daha sonra isə Niderland, ərəb ölkələri və digərləri gəlir. Ötən il Azərbaycan Qran Prisinə 65 ölkədən bilet alınmışdı.Biletlər neçəyə olacaq? Biletlərin qiyməti adətən eyni aralıqda qalır. İlk yarış ilimizdə biletlərin kateqoriyası daha az idi. Yalnız üçgünlük biletlər var idi. Bu il isə hər gün üçün ayrıca biletlər satılırdı. Ona görə də həm gününə, həm oturduğu yerə, o cümlədən ayaqüstü yerlərə görə qiymətlər dəyişirdi. Bildiyiniz kimi, Formula 1 bahalı idman növü sayılır. Onun biletləri də bütün dünya üzrə baha olur. Biz 2017-ci il Qran-Primizdə yenilik etdik. Trek boyu iki yerdə - Sahil və Sabir bağlarında iki əyləncə zonası yaratdıq. Həmin zonalar üçün bilet qiymətləri 10 manatdan başlayırdı. Bilet qiymətlərinə DJ, yemək və əyləncə daxil idi. Yəni ötən il bilet qiymətləri 10-600 manat arasında dəyişirdi. Bu il də çalışacağıq ki, arzulayan hər kəs bilet alıb, yarışı izləyə bilsin. Daha bir fərqli nüans odur ki, ilk yarış ilində biletlər dollarla satılırdısa, ikinci il manatla satılırdı. Bu dəfə də könüllülər cəlb olunacaq? Könüllülərlə daim çalışırıq. Bildiyiniz kimi, ilk yarış ilimizdə 12 min könüllü müraciət etmişdi. Onlardan 5 mini dəvət olundu. 2017-ci ildə isə 3 min könüllünü cəlb etdik. Çünki həm özümüz, həm də könüllülərimiz daha təcrübəli idik. İşimiz də çox uğurlu alındı. Hava limanından əyləncə zonalarına qədər hər sahədə könüllülər aktiv iştirak etdilər. Könüllülər üçün Bakı Şəhər Halqası Akademiyası açıldı, onlar üçün təlimlər və dil kursları keçirildi. Bu il də 3 min könüllünün cəlb olunması gözlənilir. Noyabr ayından onların da qeydiyyatı başlayacaq. Könüllərin qeydiyyatında hansı kriteriyalar nəzərə alınacaq? Könüllülərin qeydiyyat kriteriyaları da bu il daha ciddi olacaq. Dil biliklərinə xüsusi önəm veriləcək. İngilis dili ilə yanaşı digər xarici dilləri də bilənlərə üstünlük veriləcək. Bundan başqa, onların təcrübələri də nəzərə alınacaq.Açılış mərasimində xüsusi bir surpiz olacaqmı?Açılış mərasimi haqqında da düşünürük. Bildiyiniz kimi, Formula 1-də heç vaxt xüsusi açılış mərasimi olmur. Sadəcə kiçik şou olur. İlk yarış ilimizdə açılış mərasimi proqramını uşaq konsepsiyası ətrafında qurmuşduq. Bu da bizim Formula 1-də yeni, gənc və iddialı olduğumuzu göstərmək üçün idi. 2017-ci ildə isə daha çox mədəniyyətimizi tanıtmağa çalışdıq. Növbəti il daha maraqlı açılış mərasimi ilə qarşınızda olacağıq. Hansısa bir ulduzla danışıqlar aparırsınız?İki ildir ki, hər dəfəsində üç dünya ulduzunun konsertini təşkil edirik. Ötən il hətta dörd ulduz idi. Bu il də dünya ulduzları ilə danışıqlar gedir. Böyük ehtimalla yanvar ayında onların kimliyini açıqlayacağıq. Ötən illərdə tamaşaçılar konsertlərdən çox məmnun qalmışdılar. Yəqin ki, 2018-ci ildə də oxşar format olacaq. Amma hələ ki, eyni ulduzları çağırmaq haqqında düşünmürük. İlk dəfə Formula 1 Bakıda keçirilən zaman pilot Fernando Alonso Qran Prinin beynalxalq səfiri olmuşdu. Bu dəfə kim olacaq? Azərbaycanda ilk dəfə Formula 1 keçirildiyinə görə, təbii olaraq biz özümüzü çox fəal aparmalıydıq, Formula 1 azarkeşləri üçün Azərbaycanı tanıtmalıydıq. Həmin il böyük təbliğat işləri aparmışdıq. Onun üçün də biz Fernando Alonsonu beynalxalq səfir elan etmişdik. İkinci il də isə bizim beynalxalq səfirimiz yox idi. Çünki artıq azarkeşlər bizim yarışları izləmişdilər və Bakı haqqında kifayət qədər məlumatlı idilər. Amma Devid Kulthardı fəxri qonaq kimi dəvət etmişdik. Bu il də beynəlxalq səfirimiz olmayacaq. Çünki ötən il, Bakıdakı yarış özlüyündə böyük rezonans doğurduğuna görə ilk illərdəki qədər böyük həcmdə təbliğat işinə ehtiyac yoxdur. Amma ola bilsin ki, hansısa bir fəxri qonağı dəvət etdik.Azərbaycan Qran Prisi üçün hansısa bir büdcə ayrılıb? Ayrılıbsa nə qədərdir? Əlbəttə ayrılıb. Büdcə məsələsi ilə bağlı dəqiq məlumatı ancaq cənab nazir (Gənclər və idman naziri Azad Rəhimov) deyə bilər. Lakin bizim ildən-ilə xərclərimiz azalır. Çünki birinci ildə biz hər şeyi sıfırdan başlamışdıq.Bakı treki digər treklərlə müqayisədə çox çətindir. Trekdə hansısa bir dəyişiklik olacaqmı? Trekin çətin olması əslində maraqlıdır. Formula 1-i izləyənlər deyirlər ki, nəhayət ki, maraqlı bir yarış keçir. Bu yarışdır, şoudur, maraqlı olmalıdır. Artıq pilotlar başa düşürlər ki, Bakı trekində edilən səhv onlar üçün baha başa gələ bilər. İstənilən səhv onlar üçün xal itkisinə səbəb olacaq. Bizdə trek olduğu kimi qalacaq.TuncayBAKU.WS

Son xəbərlər