"Neftçi" klubu yenilənmiş saytını istifadəyə verib
"Neftçi" Peşəkar Futbol Klubu rəqəmsal transformasiya strategiyasının növbəti mərhələsi olaraq, tamamilə yenidən qurulmuş rəsmi veb saytını təqdim edib.
Bu barədə BAKU.WS-ə Bakı təmsilçisindən məlumat verilib.
Yeni platforma sadəcə vizual yenilənmə deyil; sayt arxitekturadan dizayna, verilənlər bazasından təhlükəsizlik sisteminə qədər sıfırdan, müasir texnologiyalar üzərində inşa edilib. Saytın dizaynı klubun brend kimliyinə uyğun olaraq tamamilə yenidən düşünülüb: premium tünd interfeys, dinamik ana səhifə və klubun rənglərini əks etdirən zəngin vizual dil "ağ-qaralar"ın ruhunu yaşadır.
İstifadəçilər gecə və gündüz rejimləri arasında seçim edə bilərlər. Ana səhifədəki canlı gerisayım paneli növbəti oyunun rəqibini, məkanını və başlanmasına qalan vaxtı real rejimdə göstərir. Yenilənmiş turnir cədvəli modulu A komanda ilə yanaşı, "Neftçi-2", U-10-dan U-19-a qədər bütün yaş qrupları və qızlar komandaları daxil olmaqla 14 komandanın nəticələrini bir ekranda təqdim edir.
Xəbərlər bölməsi kateqoriyalar üzrə filtrasiya və müasir kart dizaynı ilə, "Neftçi TV" isə klubun bütün video kontentini bir mərkəzdə toplayan formatda yenidən qurulub. Klubun 1937-ci ildən başlayan şanlı tarixi və nailiyyətləri interaktiv "Tarix" bölməsində canlandırılıb. Bilet satışı platforması və rəsmi onlayn mağaza sayta tam inteqrasiya olunub, platforma "App Store" və "Google Play"də yayımlanan rəsmi "Neftçi PFK" mobil tətbiqi ilə vahid rəqəmsal ekosistem təşkil edir.
Sayt Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.
Oxşar xəbərlər
Pərvin Piriyev: "Hər kəs Bakıdakı idman bayramının bir parçası olmağı arzulayır"
"Sevindirici haldır ki, bu dünya çempionatında son 20 ilin iştirakçı rekordu qırılıb". BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Fe...