İdmançılarımız Kudo üzrə Dünya Kubokunda 1 qızıl və 1 gümüş medal qazandı

İdmançılarımız Kudo üzrə Dünya Kubokunda 1 qızıl və 1 gümüş medal qazandı
Foto Video
İdman 41

5-6 iyul 2025-ci il tarixində Bolqarıstan Respublikasının Burqas şəhərində Kudo idman növü üzrə Dünya Kuboku turniri keçirilib.

BAKU.WS xəbər verir ki, Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyası İctimai Birliyinin Kudo üzrə yığma komandası da yarışda iştirak etmək məqsədilə baş məşqçi Nazim Mövsümzadənin rəhbərliyi ilə 3 idmançı ilə (Vüsal Əliyev, Sevinc Mövsümzadə və Zeynəb Mövsümzadə) bu turnirə qatılıb. 

Turnirdə 27 iştirakçı dövlət yer alıb. Yaponiya, Gürcüstan, Ukrayna, Hindistan, Azərbaycan, Bolqarıstan, Amerika Birləşmiş Ştatları (ABŞ), İtaliya, Braziliya, Fransa, Qazaxıstan, Litva, Malta, Ermənistan və s. kimi dövlətlərdən olan güclü idmançıların da qatıldıqları Dünya Kuboku yarışının nəticələrinə əsasən idmançılarımız 1 qızıl və 1 gümüş medal əldə edib.

Belə ki, idmançılarımızdan 43 kq-dək çəki dərəcəsində (U16) çıxış edən Zeynəb Mövsümzadə əvvəlcə Ukrayna və Yaponiyadan olan idmançılara, final döyüşündə isə Ukraynadan olan digər idmançıya inamla qalib gələrək 1-ci yeri qazanıb və qızıl medala layiq görülüb.

-270 kofisientində çıxış edən digər idmançımız Vüsal Əliyev isə ABŞ və Çexiyadan olan idmançılara inamla qalib gəlmiş, yalnız final döyüşündə ABŞ-dən olan başqa bir idmançıya məğlub olaraq 2-ci yeri tutub və gümüş medal əldə edib.

Ümumi nəticəyə əsasən turnirə az sayda idmançı ilə qatılmasına baxmayaraq Kudo üzrə Azərbaycan yığma komandası 1 qızıl və 1 gümüş medalla 27 iştirakçı ölkə arasında 11-ci yeri tutub.

Oxşar xəbərlər

Son xəbərlər