FIFA-dan böyük etimad – Azərbaycanın idman siyasətinə verilən növbəti yüksək qiymət - ŞƏRH

FIFA-dan böyük etimad – Azərbaycanın idman siyasətinə verilən növbəti yüksək qiymət - ŞƏRH
Foto
İdman 35

Azərbaycan növbəti böyük idman bayramına ev sahibliyi edəcək.

Belə ki, FIFA İcraiyyə Komitəsinin bu gün qəbul etdiyi qərara əsasən, ölkəmiz 2027-ci ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinin oyunlarına səhnə olacaq. Azərbaycan mundialın təşkilatçılığını Özbəkistanla birgə həyata keçirəcək. İki qardaş ölkə planetin istedadlı gənc futbolçularının yaşıl meydanlarda mübarizəsinə şahidlik edəcək.

1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lər arasında növbəti mundial sayca 25-ci olacaq. Bununla da futbol tarixində ilk dəfə kişilərin yarışında dünya çempionatı Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə ölkəmizin kişilərdən ibarət yığması mundialın final mərhələsində iştirak edəcək.

Əlbəttə, bu tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu idman siyasətinin, o cümlədən ölkəmizdə futbolun inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Uzun illərdir Milli Olimpiya Komitəsinə rəhbərlik edən dövlət başçısının dəstəyi ilə indiyədək Azərbaycanda bir-birindən nüfuzlu idman yarışları təşkil olunub. Hər dəfə də təşkilatçılıq beynəlxalq idman qurumlarının yüksək qiymətinə layiq görülüb, başqa ölkələrə nümunə göstərilib.

FIFA-dan böyük etimad – Azərbaycanın idman siyasətinə verilən növbəti yüksək qiymət - ŞƏRH

Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman təsərrüfatında da quruculuq işlərinə böyük önəm verilir. Təkcə paytaxt Bakıda deyil, bölgələrdə də beynəlxalq standartlara cavab verən infrastrukturun formalaşması ölkəmizin arxada qalan dövr ərzində bir-birindən nüfuzlu yarışların təşkilatçılığını üzərinə götürməsini şərtləndirib. Təsadüfi deyil ki, Azərbaycan son 20-25 il ərzində dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avropa və dünya çempionatları, futbol üzrə AVRO-2020-nin oyunları, UEFA Avropa Liqasının final matçı, "Qarabağ"ın avrokuboklardakı ev qarşılaşmaları, "Formula 1", UFC turniri və başqa kifayət qədər nüfuzlu idman tədbirləri yüksək səviyyədə təşkil olunub.

Növbəti ciddi sınaq isə 2027-ci ildə olacaq. Əslində, Azərbaycanın indiyə qədərki təşkilatçılıq təcrübəsini və bacarığını göz önünə gətirdikdə, buna sınaq, imtahan demək də bir qədər gurultulu səslənir. Lazımi infrastruktura malik ölkəmizin bu mundialın da yaddaqalan olması üçün bütün resursları səfərbər edəcəyinə şübhə yoxdur. Necə ki, hazırda Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə III MDB Oyunları çərçivəsində yarışlara qatılan xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və idmançılar yaradılan şərait, təşkilatçılıq və qonaqpərvərlikdən ağızdolusu danışırlar. Bu, həmişə belə olub, belə də davam edir.

FIFA-dan böyük etimad – Azərbaycanın idman siyasətinə verilən növbəti yüksək qiymət - ŞƏRH

Azərbaycanla yanaşı, Özbəkistan idmanı da son illər inkişafdadır, dövlət tərəfindən idman infrastrukturunun formalaşdırılmasına böyük diqqət və qayğı var. Bunun nəticəsidir ki, qardaş ölkə təmsilçiləri beynəlxalq arenada uğurlu nəticələrlə yadda qalırlar. Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxış idmana dövlət qayğısının sadəcə bir nümunəsi idi. Ölkənin futbol millisinin DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanması da böyük idman hadisəsi kimi tarixə düşüb. Bir sözlə, siyasi arenada çiyin-çiyinə addımlayan iki qardaş dövlətin, Azərbaycan-Özbəkistan tandeminin DÇ-2027-nin təşkilatçılığı baxımından da dünyaya səs salacağına, başqa ölkələrə nümunə göstəriləcəyinə şübhə etməyə dəyməz.

Report İnformasiya Agentliyi

Son xəbərlər