Fernandu Santuş "Neftçi"nin qapıçısını zədəli halda oynadıb - ŞOK AÇIQLAMA

Fernandu Santuş Neftçinin qapıçısını zədəli halda oynadıb - ŞOK AÇIQLAMA
İdman 81

"Neftçi"nin qapıçısı Rza Cəfərov Azərbaycan millisinin heyətində Belarus yığmasına qarşı yoldaşlıq görüşündə zədəli halda çıxış edib.

BAKU.WS xəbər verir ki, Teleqraf-ın məlumatına görə, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov evdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında açıqlama verib.

47 yaşlı mütəxəssis yığmadakı həmkarı Fernandu Santuşun belə qərar qəbul etməsinin səbəbini bilmədiyini söyləyib: "Rza Cəfərlinin yığmadan zədəli halda qayıtması məni bir qədər narahat edir. Onu Belarusa qarşı yoldaşlıq görüşünə də zədəli halda buraxmışdılar. Bilmirəm nəyə görə. Bunları araşdırırıq. Əsas qapıçımızdır. Gələn oyun üçün də onu itirə bilərik".

Abasov millinin məğlubiyyətlərinin komandasına digər təsirlərindən də danışıb: "Əlbəttə, yığmanın məğlubiyyətləri hər birimizi üzür. Həmçinin də məni və futbolçularımı. Psixoloji vəziyyətdən əlavə, onların fiziki durumu da yaxşı deyildi. Buna millinin səbəb olduğunu demək istəməzdim. Onlarla daha da danışmaqdansa, hərdən boş buraxmalısan ki, bu situasiyadan çıxsınlar. Milliyə gedənlərdən biri Ağadadaş Salyanski idi. Cavandır, bəlkə də o, elə şeyləri dərk etmir. Elvin Camalov isə psixoloji cəhətdən yaxşı vəziyyətdə deyildi. Çünki Camalov "Neftçi"nin heyətində uduzanda belə əsəbiləşən, həddindən artıq xarakterli futbolçudur. Elvinlə danışdım. Amma edəsi bir şey yoxdur. Milliyə gələn oyunlarda uğurlar arzulayıram".

Qeyd edək ki, Azərbaycan millisi yoldaşlıq görüşlərində Haitiyə 0:3, Belarusa 0:2 hesabı ilə uduzub. İlk yoldaşlıq görüşündən sonra Şahrudin Məhəmmədəliyev məşqdə zədələndiyi üçün qapını Rza Cəfərov qoruyub.

 

Son xəbərlər