Elşad Quliyev: "Avropa çempionatının F qrupunda əsas rəqiblərimiz İtaliya və Fransadır"
Azərbaycanın minifutbol millisinin Avropa çempionatının F qrupunda əsas rəqibləri İtaliya və Fransa yığmalarıdır.
Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Elşad Quliyev bildirib.
Mütəxəssis püşkatmanın nəticələri və rəqiblərin gücü barədə danışarkən çətin qrupa düşdüklərini qeyd edib:
"Tanıdığımız rəqiblərdir. Ötən Avropa çempionatında həm İtaliya, həm də Fransa ilə oynamışdıq. Həmin vaxt qələbə qazansaq da, oyunlar bizim üçün çox ağır keçmişdi. Avstriya ötən Avropa çempionatında qrupdan çıxa bilməsə də, normal komandadır. Komandalar ildən-ilə güclənir, İtaliya və Fransa heyətlərini yeni oyunçularla gücləndirərək səviyyələrini daha da artırıblar. Qrupda əsas rəqiblərimiz İtaliya və Fransadır. Tam formalaşmış komandalardır, təhlükəlidirlər. Avstriyanın isə son vaxtlarda oyunlarını görməmişik".
Hədəflər barədə danışan E.Quliyev qrupdan lider kimi çıxmaq istədiklərini vurğulayıb:
"Hədəfimiz qrupda lider olmaqdır. Qrupdan çıxmaq şansımız çoxdur. Son dünya çempionu olduğumuz üçün qrupdan çıxmaq borcumuzdur. Güclü komandamız var, bu potensialdan maksimum istifadə etməliyik".
Hazırlıq prosesinin üç mərhələdən ibarət olacağını deyən baş məşqçi qrafiki belə izah edib:
"Toplanışa aprelin 6-da start verəcəyik. İlk mərhələ aprelin 25-nə qədər Bakıda olacaq. İkinci mərhələdə Monteneqroya getməyi və orada turnirdə iştirak etməyi planlaşdırırıq. Mayın 8-də Bakıya dönəcəyik və 25-nə qədər hazırlığın son mərhələsini keçib Slovakiyaya yollanacağıq. Hazırda heyətimiz 80 faiz bəllidir. Lakin Azərbaycan çempionatının pley-off mərhələsini də izləyirik ki, gözümüzdən yayınan, daha yaxşı formada olan oyunçular varsa, onları da milliyə dəvət edək. Bakıdakı dünya çempionatından sonra yığışmamışdıq. Heyətə bir neçə futbolçu dəvət edə bilərik".
Çempionatın favoritlərinə toxunan mütəxəssis bir neçə iddialı komandanın adını çəkib:
"İngiltərə yığması fiziki cəhətdən çox yüksək səviyyədədir, heyətlərinə Çempionşipdən yeni və keyfiyyətli oyunçular cəlb ediblər. Hansı ki, onların Çempionşipi bizim əsas liqadan daha səviyyəlidir. Çempionatda bəyəndiyim komandalardandır. Həmçinin meydan sahibi Slovakiya, Rumıniya, Çexiya, Macarıstan və Bolqarıstan da güclü və çempionluğa namizəd komandalardır. Portuqaliya və Monteneqronu da unutmaq olmaz. Portuqaliya çempionatını izləyirəm, yüksək səviyyədədir. Gürcüstan da Bakıda yaxşı oynamışdı. Sadəcə, qrupları çətin idi".
Turnir qrafikinin sıxlığından gileylənən E.Quliyev bərpa üçün vaxtın az olduğunu bildirib:
"Qrafik dünya çempionatı ilə müqayisədə daha sıxdır. Biz sonuncu qrupda yer aldığımız üçün oyunlarımız ayın 28-də başlayır. Ardıcıl oyunlar keçirməli oluruq və böyük futboldan fərqli burada dincəlməyə vaxt qalmır. Bu məsələni qaldırmışıq ki, heç olmasa, arada bir gün fasilə verilsin, çünki bərpa olunmadan istənilən komandaya uduzmaq riski yaranır".
Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı bu il mayın 27-də Slovakiyada start götürəcək. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: "60-70 yaşınadək məşqçilik etsəm, mütləq öyrənməliyəm"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 60-70 yaşınadək karyerasını davam etdirsə belə, yenə öyrənməli olduğunu bildirib. BAKU.WS report-a istinadən xəbər veri...