Dünyanın 30-dan çox ölkəsi Bakıda görüşür: AİGA qreplinq turniri Azərbaycanda ilk dəfə

Dünyanın 30-dan çox ölkəsi Bakıda görüşür:  AİGA qreplinq turniri Azərbaycanda ilk dəfə
İdman 32

Beynəlxalq qreplinq arenasının nüfuzlu yarışlarından biri olan AİGA turniri bu il ilk dəfə olaraq Azərbaycanda təşkil olunacaq.

BAKU.WS xəbər verir ki, 13-15 fevral tarixlərində Bakı şəhəri dünyanın 30-dan çox ölkəsindən peşəkar idmançıları qəbul edəcək.

Əvvəlki illərdə ABŞ və Qazaxıstanda uğurla keçirilən turnir yüksək təşkilatçılığı və rəqabət səviyyəsi ilə tanınır. AİGA platforması bu dəfə də tamaşaçılara dinamik, gərgin və texniki baxımdan zəngin qarşılaşmalar vəd edir. Turnirin əsas diqqət çəkən iştirakçıları sırasında beynəlxalq arenada tanınan idmançılar - Əkbər Hacıəkbərov, Məhəmməd Qurbanov və Sevlan Cəfərov yer alır.

Onların iştirakı yarışın idman keyfiyyətini və maraq səviyyəsini daha da artırır. Turnirin təşkilatçısı "KVAN Group" daşınmaz əmlakın inkişafı sahəsində fəaliyyət göstərən və son dövrlərdə "Bahar Residence" yaşayış layihəsi ilə tanınan şirkətdir.

Şirkətin təsisçisi Çingiz Kişiyev çıxışlarında sosial məsuliyyətin biznes fəaliyyətinin ayrılmaz hissəsi olduğunu xüsusi vurğulayır və kommersiya fəaliyyəti ilə yanaşı ictimai dəyər yaradan təşəbbüslərin dəstəklənməsini prioritet istiqamət kimi qeyd edir.

Məhz bu yanaşmanın davamı olaraq "KVAN Group" beynəlxalq idman tədbirlərinə dəstək verir, şəhər həyatının canlanmasına, idmanın inkişafına və Azərbaycanın qlobal idman arenasında daha geniş təmsil olunmasına töhfə verməyi hədəfləyir.

Son illərdə qlobal miqyasda sürətlə populyarlıq qazanan qreplinq güc, çeviklik və strateji düşüncəni birləşdirən idman növüdür. AİGA kimi mötəbər turnirin Bakıda keçirilməsi ölkənin idman həyatında əlamətdar hadisə kimi qiymətləndirilir və Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarını bir daha nümayiş etdirir.

Son xəbərlər