"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı

Beşiktaşın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı
İdman 60

Gürcüstanda oynanılan "Beşiktaş"-"Hapoel Beer-Şeva" matçı zamanı baş verən iğtişaşlardan sonra Türkiyənin Rize şəhərindəki bir çox turizm şirkətlərinin Gürcüstan turları ləğv olunub, həmçinin iş adamları Batumidəki ticarət sərgisində iştirakdan imtina ediblər.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Gürcüstan polisinin türk azarkeşlərinə qarşı davranışına mənfi reaksiyalar artmaqdadır.

Rize Ticarət və Sənaye Palatası bu ilin 4-6 dekabrında Batumidə keçirilməsi planlaşdırılan ticarət sərgisində iştirak etməmək qərarını verib. Palata rəhbəri Ahmet Arif Mete etiraz əlaməti olaraq Batumidə tur şirkətləri ilə danışdıqlarını qeyd edib. O, Gürcüstana turların ləğvi ilə bağlı prosesin davam edəcəyini vurğulayıb.

Ölkədaxili və xarici turlar təşkil edən turizm mütəxəssisi Mahmut Arslan hadisədən təəssüfləndiyini dilə gətirib:

"Dünən axşam qonaqlarımız turla Gürcüstanda, Batumidə idilər. Təbii ki, "Beşiktaş"ımızı, Türkiyəmizi dəstəkləmək üçün Batumidə idik. Lakin gördüyümüz reaksiya, türklərə qarşı bu davranış bizi həqiqətən çox kədərləndirdi. Çünki bunu bizə edən sərhədimizin o tayındakı qapı qonşumuzdur, hər kəsin qohumluluqlarının olduğu bir yerdir", - deyə o əlavə edib.

M.Arslan bu səbəbdən bütün Batumi turlarını ləğv etdiklərini nəzərə çatdırıb:

"Yeni il öncəsi turların tam dolu olduğu bir vaxtda "Vaveyla Turizm" şirkəti kimi bütün Gürcüstan turlarımızı dayandırmağa qərar verdik".

Son xəbərlər