Bakı mundialını fərqləndirən 13 rekord
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı sona çatmaq üzrədir. Gərgin mübarizə şəraitində keçən mundialı maraqlı edən məqamlardan biri də rekordlardır.
29 avqusta qədər turnir zamanı yeddi yeni rekord qeydə alınıb. Altı növdə isə mütləq nəticə təkrarlanıb.
Xüsusilə kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəşaçma növündə qızıl medal qazanan Li Yuehonq tarixi rekorda imza atıb. O, mümkün 40 atışdan 39-nu dəqiq yerinə yetirməklə buna nail olub.
50 metr məsafəyə üç mövqedən atəş üzrə qadınlar arasında yarışda ABŞ komandası 1774 xal toplayaraq yeni dünya rekordunun sahibi olub. Şimali amerikalılar əvvəlki göstəricini 19 xal yaxşılaşdırıblar.
Dairəvi stend atıcılığında da qadınlardan ibarət ABŞ komandası yeni rekorda sahib çıxıb. Ostin Ceuell Smit, Dania Jo Vitsi və Samanta Simonton triosu 365 xal toplamaqla buna nail olub.
ABŞ təmsilçiləri dairəvi stend atıcılığının qarışıq komanda növündə də rekord imza atıblar. Təsnifat mərhələsində Ostin Ceuell Smit və Vinsent Hankok cütlüyü 149 xal toplayaraq bu uğura imza atıb.
50 metr məsafəyə uzanaraq atəş açma yarışının qarışıq komanda növündə isveçrəlilər rekord sahibi olub. Çiara Leone və Yan Loxbihler cütlüyü ümumilikdə 1249,7 xal toplayıb.
Bakı mundialının yaddaqalan atletlərindən biri 19 yaşlı çinli Qiongyu Janq olub. Gənc olmasına baxmayaraq, böyüklərlə mübarizəyə qatılaraq 50 metr məsafəyə üç mövqedən atəş üzrə qadınlar arasında yarışda çıxış edən qızıl medal qazanmaqla yanaşı, iki uğura imza atıb. Təsnifat mərhələsində dünya rekordu qıran gənc atıcı finalda da buna nail olub.
Təkrarlanan rekordların sayı isə daha çoxdur. Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəşaçma yarışlarında Çin komandası 1756 xal toplamaqla son rekorda çatıb.
Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma yarışında Doren Vennekamp mümkün 40 xal toplamaqla rekordu təkrarlayıb.
300 metr məsafəyə uzanaraq atəş açma növündə qızıl medal qazanan 60 yaşlı Raymond Debeveç üçüncü dəfə dünya çempionu olmaqla yanaşı, maksimum - 600 xal toplayaraq dünya rekordunu təkrarlayıb.
Stend atıcılığının səngər növündə qadınlardan ibarət İtaliya komandası rekord 354 xal toplayaraq dünya rekordunu təkrarlayıb.
Kişilərin dairəvi stend atıcılığında isə iki idmançı bu uğura nail olub. ABŞ təmsilçisi Vinsent Hankok və misirli Azmi Mehelba mümkün 125 xalın hamısını toplamağı bacarıblar.
Beynəlxalq Atıcılıq İdman Federasiyasının məlumatına görə, indiyədək atıcılıq üzrə heç bir dünya çempionatında bu qədər rekord qeydə alınmayıb.
Oxşar xəbərlər
Çinli atlet Bakıda dünya rekordunu yenilədi - FOTO
Bu gün Bakıda atıcılıq üzrə dünya çempionatı yarışları olimpiya növündə kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş növündə davam edib. 40 atışdan 39...