Azərbaycan yığmasından Xorvatiya qarşısında əzmli oyun (VİDEO, FOTO)
2016-cı ildə Fransada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena”da Azərbaycan və Xorvatiya milli komandaları qarşılaşıb.
BAKU.WS-in məlumatına görə, qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Matç Xarvatiyanın diqtəsi ilə keçsə də Azərbaycan millisi əks hücumlarla rəqibinə cavab verməyə çalışıb. Oyunda qapılara yol tapan olmadığı üçün qarşılaşma heç-heçə ilə başa çatıb. Tərəflər hərəyə bir xal götürərək sülhə razılaşıblar. Bununla da Azərbaycan xalını 5-ə yüksəldib. Xorvatiya millisi isə 14 xall toplamasına baxmayaraq qrupun liderlik kürsüsündən düşüb. İtaliyanın Maltanı evində 1:0 hesabı ilə məğlub edərək xallarını 15-ə yüksəltməsi xorvatların birincilik yolunda işini çətinləşdirib.
Matçdan sonra Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç oyunla bağlı öz təəssüratlarını bölüşüb: "Oyun ərzində qol vurmağa çalışsaq da, şanslarımızdan yararlana bilmədik. Bütün oyun boyu üstünlüyə malik olsaq da, qələbə qazanmaq mümkün olmadı. Azərbaycan millisi müdafiədə düzgün oynadı. Robert Prosineçkinin gəlişindən sonra bu komanda təkcə müdafiə olunmaqla kifayətlənmir, həm də hücumlar təşkil etməyə çalışır və əksər hallarda buna müvəffəqiyyətlə nail olur. Azərbaycan millisini təbrik edirəm. Rəqibimiz bir xala layiq idi".
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki isə futbolçularından razı qaldığını söyləyib: "Onlar bu gün Avropanın ən yaxşı komandalarından birinə qarşı layiqincə mübarizə apardılar. Doğrudur, bu qənaətbəxş nəticəyə çox sevinmək imkanımız yoxdur, çünki 3 gündən sonra Malta yığması ilə çətin oyunumuz var. Düşünürəm ki, bugünkü heç-heçə Azərbaycan futbolu üçün yaxşı nəticədir. Azarkeşlərə dəstəyə görə minnətdarlığımı bildirirəm”.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan futbolu üçün tarixi gecə (VİDEO)
Azərbaycan tarixdə ilk dəfə iki klubla Avropa Liqasının qrup mərhələsində təmsil olunacaq. BAKU.WS-in məlumatına görə, "Qarabağ”ın ardınca "Qəbələ” də pley-of...