Ayxan Abbasov: "Yeni transferlərin "Qarabağ"a uyğunlaşması üçün vaxt lazımdır"
"Qarabağ"ın yeni futbolçularının komandaya uyğunlaşması üçün vaxt lazımdır.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın A millisinin baş məşqçisi Ayxan Abbasov "Qarabağ", "Zirə" və "Neftçi"nin avrokuboklardakı çıxışını dəyərləndirərkən deyib.
Mütəxəssis "Qarabağ"ın heyətində gedən yenilənmə prosesinin komandaya təsir etdiyini və Bolqarıstanın ÇSKA klubuna qarşı cavab görüşünün çətin keçəcəyini bildirib:
"Komandalarımız avrokubok oyunlarına yaxşı start vermişdilər. Lakin hər birimiz bilirik ki, mərhələ keçildikcə rəqiblər çətinləşir. "Qarabağ" evdə Bolqarıstan ÇSKA-sı ilə qarşılaşdı. Bilirsiniz ki, Ağdam klubunun heyəti yenilənib. Bu futbolçuların komandaya tam uyğunlaşması üçün müəyyən qədər vaxt lazımdır. Düşünürəm ki, oyundan-oyuna uyğunlaşma prossesi sürətlənəcək. Bununla belə, "Qarabağ"ı səfərdə çox çətin oyun gözləyir. Çünki ÇSKA çox möhkəm komandadır".
O, "Zirə"nin "Payde" (Estoniya) ilə ilk oyunda üstün təsir bağışladığını və cavab qarşılaşmasında mərhələ adlamaq şansını yüksək qiymətləndirdiyini deyib:
"Zirə" "Payde" ilə matçda rəqibindən üstün oynadı. Bir neçə qol epizodundan istifadə edə bilmədi. Oyuna baxdım, rəqib komandanın elə də çox qol imkanları olmadı. Sadəcə, görüşün sonlarında yaxaladıqları fürsəti boşa vermədilər. Bundan başqa, evdə oynamaları və azarkeş dəstəyi amili də rol oynadı. Minimalhesablı məğlubiyyətə baxmayaraq, "Zirə"nin turu keçmək şansını daha yüksək qiymətləndirirəm. Baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında "Zirə" neçə ildir avrokubokların təsnifat mərhələlərində sabit çıxış edir".
A.Abbasov "Neftçi"nin ilk oyundakı məğlubiyyətinin üzücü olduğunu, lakin komandanın hələ də növbəti mərhələyə yüksəlmək şansının qaldığını vurğulayıb:
"Neftçi"dən danışsaq, həqiqətən üzüldüyümüzü deyə bilərik. Çünki bu komandaya ümidlər böyük idi. Belarus komandası "Dinamo"ya məğlubiyyət bizi təəssüfləndirdi. Amma hələ heç nə bitməyib. Onların da şansları davam edir. İnşallah, səfərdə uğurlu nəticə əldə edərlər. Komandalarımız ildən-ilə təcrübə toplayırlar. Bütün komandalarımıza uğurlar arzu edirəm".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda evdə ÇSKA ilə qolsuz bərabərə qalıb. Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında "Zirə" səfərdə "Payde"yə (0:1), "Neftçi" isə evdə "Dinamo"ya (2:4) uduzub.
Oxşar xəbərlər
DÇ-2026-da iştirak edən futbolçunun narkotik testinin nəticəsi müsbət çıxıb
İtaliyanın "Sassuolo" klubunun və Avstraliya millisinin yarımmüdafiəçisi Kristian Volpatonun narkotik testinin nəticəsi müsbət çıxıb. BAKU.WS report-a istinadən...