ABŞ-də keçirilən DÇ-2026 futbolçular üçün vergi kabusuna çevrilib

ABŞ-də keçirilən DÇ-2026 futbolçular üçün vergi kabusuna çevrilib
İdman 44

2026-cı il futbol üzrə Dünya çempionatı təkcə meydandakı mübarizə ilə deyil, həm də ABŞ-nin sərt vergi qaydaları ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, turnirin təşkilatçısı olan FIFA milyardlarla dollar gəlir əldə etsə də, vergi yükünün böyük hissəsi futbolçuların və ev sahibi şəhərlərin üzərinə düşüb.

ABŞ Vergi Xidməti (IRS) dünya çempionatında iştirak edən 48 millinin 1248 futbolçusuna, eləcə də məşqçilər və nümayəndə heyətlərinə vergi güzəşti tətbiq etməkdən imtina edib. Nəticədə turnirdə əldə edilən gəlirlərdən federal səviyyədə avtomatik olaraq 30 faiz vergi tutulur.

Bununla yanaşı, futbolçuların ödəyəcəyi yekun vergi oynadıqları ştatdan asılı olaraq daha da arta bilər. Məsələn, Texas və Florida ştatlarında gəlir vergisi sıfır faiz olduğu halda, Kaliforniyada bu göstərici 13,3 faizə, Nyu-Cersidə isə 10,75 faizə çatır.

Vergi hesablanarkən futbolçunun pasportu deyil, vergi rezidentliyi əsas götürülür. Bu səbəbdən Fransa millisinin hücumçusu Kilian Mbappe ABŞ-də Fransa ilə deyil, İspaniya arasında qüvvədə olan vergi sazişi əsasında qiymətləndiriləcək. Çünki o, hazırda İspaniyada yaşayır və "Real Madrid" klubunda çıxış edir.

Ən böyük maliyyə yükünün isə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun üzərinə düşə biləcəyi bildirilir. Səudiyyə Ərəbistanının ABŞ ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi olmadığı üçün "Əl-Nəsr"in futbolçusu digər avropalı ulduzlarla müqayisədə daha yüksək vergi ödəyə bilər.

ABŞ-də tətbiq olunan məşhur "Jock Tax" ("idmançı vergisi") sistemi də futbolçuların xərclərini artırır. Bu qaydaya əsasən, idmançılar yalnız turnirdən qazandıqları mükafatlara görə deyil, klubdan aldıqları illik maaşın müəyyən hissəsinə görə də oynadıqları ştatda vergi ödəyirlər. Vergi məbləği futbolçunun həmin ştatda keçirdiyi iş günlərinin sayına əsasən hesablanır.

Mütəxəssislərin hesablamalarına görə, illik gəliri təxminən 70 milyon dollar olan Kilian Mbappe yalnız Nyu-Cersidə keçirilən bir oyun səbəbindən on minlərlə dollar əlavə vergi ödəyə bilər.

Bununla yanaşı, FIFA ABŞ-də fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bilet satışı, VIP xidmətləri və rəsmi məhsulların satışından əldə etdiyi gəlirlərə görə bir sıra vergi güzəştlərindən yararlanır. Turnirə ev sahibliyi edən şəhərlər isə təhlükəsizlik, nəqliyyat və infrastruktur xərclərini əsasən öz büdcələri hesabına qarşılayır.

Məhz bu səbəbdən ABŞ-nin bəzi ştat rəhbərləri və yerli hakimiyyət orqanları FIFA ilə bağlanan müqavilələri tənqid edərək bildirirlər ki, turnirin əsas maliyyə yükü yerli büdcələrin və vergi ödəyicilərinin üzərinə düşür, əsas kommersiya gəlirləri isə beynəlxalq futbol qurumunun nəzarətində qalır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər