SİZİN REKLAM BURADA!
055 213 76 73


Joze Mourinyonun gəlişi ilə "Fənərbağça"da transfer işləri davam etdirilir. İstanbul təmsilçisi transfer baxımından çox həyəcanlı bir yay mövsümü keçirməyi hədəfləyir.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanını tərk edəcəyi ilə bağlı xəbərlər yayılan 26 yaşlı müdafiəçi Merih Demiral diqqətlə izlənilir. Merihin Mourinyonun rəhbərliyi altında "Fənərbağça"ya keçməkdə maraqlı olduğu iddia edilir.

Yarımmüdafiəyə bir nömrəli namizəd Mourinyonun "Tottenhem"dən yetirməsi olan Pyer Emil-Hojbjerqdir. "Tottenhem"in heyətində yer ala bilməyən 28 yaşlı ulduz üçün tezliklə cəhdlərə başlanacağı gözlənilir.

Digər namizəd Vilfrid Ndididir. Nigeriyalı ulduzun "Lester"lə müqaviləsi başa çatır. Qeyd olunub ki, "Fənərbağça" 27 yaşlı futbolçunun menecer şirkəti ilə əlaqə saxlayıb.

Həmçinin "Atletiko Madrid"in "Barselona"da icarə əsasıda çıxış edən futbolçusu Joa Feliks də hücumameyilli yarımmüdafiəçi kimi siyahıdadır. Portuqaliyalı ulduzun istəyi icarə əsasında oynadığı "Barselona"da qalmaq olsa da, ispan nəhənginin yaşadığı iqtisadi çətinliklərə görə bu, mümkünsüz görünür. "Fənərbağça" "Atletiko Madrid" ilə razılığa gəlsə, Mourinyo şəxsən Feliksi razı sala bilər.

Azarkeşlərin ən çox maraqlandığı sahə təbii olaraq hücum xəttidir. Mourinyo daha sürətli oynamaq lazım olduğunu vurğulamışdı. 

İstanbul nəhənginin hər iki cinahı gücləndirəcəyi gözlənilir. Sol cinah üçün nəzərdə tutulan futbolçu Sadio Manedir. "Əl-Nəsr"dən ayrılacaq dünya şöhrətli ulduzu transfer etmək asan olmasa da, lakin rəhbərlik asan görünməyən ulduzları gətirəcəklərini artıq açıqlayıb. Mane yenidən Avropaya qayıtmaq istəyir.

Digər tərəfdən, "İnter"də çıxış edən və "Qalatasaray"ın da yaxından maraqlandığı Xoakin Korrea üçün ilk təklifi "Fənərbağça"nın etdiyi qeyd edilib. İtaliya mətbuatı "sarı-göylülər"in hücumçu və cinahlarda oynaya bilən argentinalı ulduz üçün 7 milyon avro təklif etdiyini, "İnter"in gözləntisinin isə 10 milyon avro olduğunu yazıb.

Hücuma isə əsas düşünülən ad Robert Levandovskidir. Ali Koç polşalı superulduz üçün maliyyə imkanlarını zorlayacaq, Joze Mourinyo və menecer Jorge Mendes isə dünyaca məşhur hücumçunu razı salmaq üçün əllərindən gələni edəcəklər.

Alternativ olaraq isə PSJ-də çıxı edən Qonçalo Ramosun adı çəkilir. Paris klubu isə portuqaliyalı hücumçunu icarəyə göndərməyi planlaşdırır. 

BAKU.WS