SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bəzən “Qarabağ” da uduzur, amma insanlar alqışlayırlar. Çünki görürlər ki, futbol oynayırıq. Biri də var ki, meydana çıxırsan, amma futbol göstərmirsən. Mən də bəzən millinin oyununa baxanda televizoru beş dəqiqəlik söndürürəm. Çünki oyun yoxdur”.

BAKU.WS xəbər verir ki, bunu oxu.az-a müsahibəsində “Qarabağ”ın kapitanı Maksim Medvedev deyib. Azərbaycan millisinin də keçmiş kapitanı olan 33 yaşlı müdafiəçi Ağdam klubunun 10-cu çempionluğundan, karyerası ilə bağlı gələcəyindən, milli komandadakı hazırkı durumdan danışıb.

- “Qarabağ” 10-cu çempionluğu əldə edib, iki ulduza çatdı. Öncə bu barədə fikirlərinizi öyrənək...

- Ancaq xoş sözlər demək olar. 10-cu dəfə çempion olduq və bunların 9-da mənim payım var. Artıq meydana iki ulduzla çıxacağıq. İnsan buna görə ancaq xoşbəxt ola bilər. Hər bir komanda bunu bacarmaz. Azərbaycanda iki ulduzu olan ilk klubuq.

- Artıq 33 yaşınız var. Mövsümün əvvəlində demişdiniz ki, gücünüz çatdığı qədər davam edəcəksiniz. İndi hansı fikirdəsiniz?

- Artıq milli komandaya getmirəm. Dincəlmək üçün bir az vaxtım oldu. 14-15 il ərzində eyni qrafikdə oynayırdım. Bir həftə dincəlmək məndə alınmırdı. Ailəm də var. Ona görə də psixoloji tərəfdən stresə düşürdüm ki, artıq dincəlmirəm. Oyunlar, uçuşlar, məşqlər imkan vermirdi. Bu, məni bir az sıxırdı. Millidən uzaqlaşdım. İndi vaxtım daha çoxdur. Hiss edirəm ki, yalnız bir komandada oynasam, gücüm hələ bir neçə il də çatacaq. Ona görə də hazırda karyeramı bitirməyi düşünmürəm. Çünki məşqlərdə, oyunlarda gücüm buna imkan verir. Təcrübəm də var.

- Yəqin ki, hazırda özünüzü daha çox mərkəz müdafiəçisi kimi görürsünüz, nəinki cinah oyunçusu...

- Onu heç vaxt demək olmur. Sağ cinahda oynayırdım, qəfildən müdafiənin mərkəzində problem yarandı və iki il məhz bu mövqedə çıxış etdim. İndi dörd stopperimiz var, sağ cinahda problemimiz yaranıb. Çünki Abbas Hüseynov zədələnib. Yenidən Marko Veşoviçlə eyni cinahda oynayırıq. Bəlkə sabah sol cinahda oynamaq lazım gələcək. Rahatam. Stopper oynamaq daha rahatdır. Çünki cinahda daha enerjili olmalısan. Komandamızın oyun üslubu elədir ki, cinah müdafiəçiləri hücuma qoşulmalıdırlar. “Neftçi” və “Sabah”da sağ müdafiəçilər yerində qalırlar. Nə Höccət Haqverdi, nə də Amin Seydiyev irəliyə gedir. Bizdə isə fərqlidir. Burada cinahda oynamaq daha çətindir. Daim irəli gedib, geri dönməlisən.

- “Qarabağ”ın sizdən əvvəlki kapitanı Rəşad Sadıqov karyerasını bitirməmişdən məşqçiliyə başlamışdı. Sizdə eyni nümunəni görə bilərik?

Hiss etsəm ki, karyeramı bitirirəm, gedib məşqçilik kurslarında oxuyacağam. O da əgər məşqçiliyə həvəsim olsa. Amma bu barədə çox düşünmürəm. Məşqçi olmaq tamam başqa mərhələdir. Futbola məşqçi kimi gəlirsənsə, əvvəllər futbolçu olduğunu yaddan çıxarmalısan. Sıfırdan məşqçi karyerasını qurmaq və buna hazır olmaq lazımdır. Ona görə bunu çox fikirləşib, sonra qərar verəcəyəm. İndi dəqiq heç nə deyə bilmərəm.

- İki övladınız da “Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandalarında oynayırlar. Onların perspektivi barədə nə deyə bilərsiniz?

Potensial olmasaydı, çoxdan futboldan uzaqlaşdırmışdım. Futbolçu olmaq istəsələr, niyə də mane olum? Məşq edirdilər, vaxt keçdikcə gördüm ki, uşaqlar peşəkarlaşıblar. Mənim onlara nəsə deməyimə ehtiyac qalmır. Özləri paltarlarını yığırlar, butslarını götürürlər, məşqə gedirlər. Oyunlarının təkrarına videoyazı şəklində baxırlar. Hiss olunur ki, özləri də istəyirlər. Biri var, ata desin ki, get, futbola bax. Amma məndə elə şey yoxdur, uşaqlara azadlıq vermişəm. Gedib oyunlarına baxıram, məşqlərini izləyirəm. Lakin çalışıram ki, heç vaxt işlərinə qarışmayım, özləri böyüsünlər. Öz məşqçiləri var. Hər hansı sualla yaxınlaşsalar, təbii ki, kömək edəcəyəm. Amma sırf onları özüm kimi futbolçu etmək məqsədim yoxdur.

- Uzun illər milli komandada oynamısınız. Ona görə bu mövzuda soruşmasaq olmaz. Avropa çempionatının seçmə mərhələsinə uğursuz başlayan milli kənardan necə görünür?

Bura Millətlər Liqası deyil, komandalar tam fərqlidir. Belçika hara, hansısa San-Marino hara... Onlara qarşı Farer adaları ilə oynadığımız kimi çıxış edə bilmərik. Bunu dərk etsək, işimiz bir az asanlaşacaq. Amma deyirlər ki, biz bunları udacağıq-filan. Deyirlər, amma ortalıqda heç nə yoxdur. Çalışmalıyıq ki, ilk növbədə öz oyunumuzu düzəldək. Bəzən “Qarabağ” da uduzur, amma insanlar alqışlayırlar. Çünki görürlər ki, futbol oynayırıq. “Qalatasaray”a 1:2 məğlub olduq, amma hər kəs dedi ki, “Qarabağ” çox yaxşı oynadı. Doğrudan da, komanda oynayır. Biri də var ki, meydana çıxırsan, amma futbol göstərmirsən. Mən də bəzən millinin oyununa baxanda televizoru beş dəqiqəlik söndürürəm. Çünki oyun yoxdur. Sanki hər şey normal olur, sonradan dəyişir. Bizim öz sistemimiz, oyun üslubumuz olmalıdır. Tək müdafiədə dayanmaqla olmur. Formalaşmış taktikan, sistemin olmalıdır ki, bütün yaş qrupları da onunla irəliləsin və böyüdükdə də, artıq nə oynamaq lazım gəldiyi bilinsin. Amma bizdə bir oyun beş, o biri oyun dörd müdafiəçi meydana çıxır. Bir dəfə üç nəfər dəvət edilmir, yeni üç nəfər dəvət olunur və s. Bir az belə xaos olanda nəticə də olmur, oyun da. İnanın, çox adam artıq millinin nəticələrinə öyrəşib və hər oyundan əvvəl düşünürlər ki, uduzacaqlar. Amma elə adam var ki, deyir, heç olmasa milli futbol nümayiş etdirsin, uduzsun. “Qarabağ”da da birinci belə idi. Çalışdıq ki, ilk növbədə oyunumuzu quraq. Ondan sonra işlədik və nəticələr gəldi. Nəticə gələndə sistemə də yeniliklər əlavə etmək mümkündür. Lakin millidə oyun üslubu, sistem yoxdur. 5-10 dəqiqə normal oynayırıq, 20 dəqiqə yoxuq. Biz 90 dəqiqə ərzində sistemimizi göstərməliyik.

- Canni de Byazi uzun müddətdir, millinin baş məşqçisidir. Sizcə, niyə hələ də sistemini tətbiq edə bilməyib?

Çox çətindir. De Byazi futbola bir az başqa tərəfdən baxır, mən sırf oyunçu kimi yanaşıram. Ya beş müdafiəçi oynayırıq, ya da dörd. Konkret qərar vermək lazımdır.

- Sizcə, bu milli İsveçə 0:5 uduzmağa layiqdir?

Onu deyə bilmərəm. Mən özüm pis oluram. Çölə çıxanda hamı soruşur ki, milli niyə belə oynayır? Yığmada oynayanda da bu sualı verirdilər mənə, oynamayanda da. Amma bu komandaya cavabdeh olan Canni de Byazidir. Ondan üst səviyyədə də cavabdeh olan qurumlar var. Hansı ki, de Byazi onlara hesabat verir. Onlar hamısı bir yerdə oturub düşünməlidirlər ki, vəziyyət niyə belədir?

- De Byazi demişdi ki, “Qarabağ”dan legionerləri çıxarsaq, onlar eyni futbolu oynaya bilərlər? Bu fikir barədə nə düşünürsünüz?

- Azərbaycanın ən yaxşı futbolçuları “Qarabağ”dadır. Doğrudur, digər komandalarda da yaxşı oyunçular var. Amma əksəriyyəti bizdədir. Canni de Byazi ilə bir tərəfdən razılaşaram ki, “Qarabağ”ı irəliyə tək azərbaycanlılar daşımır. Yaxşı ki, məsələn, Abdullah Zubir kimi legionerimiz var. Amma ümumən kollektiv şəklində düzgün iş gördüyümüzə görə nəticə var. Qarışdırırsan, nəsə əmələ gəlir. Amma bu, o demək deyil ki, bizdə yaxşı legionerlər var və bunlar hamısı onlara görədir.

- Bu günlərdə “Qarabağ” daha bir legioner - Hamidu Keytanı transfer etdi. Ötən mövsüm ölkə kubokunun “Zirə”yə qarşı final görüşündə ona qarşı maraqlı mübarizəniz olmuşdu. Keyta “Qarabağ”a hansı faydanı verə bilər?

Düzdür, Keytanı ancaq ona qarşı oynayanda tanıyırdım. Transferdən əvvəl də Keyta barədə, insan kimi necə olduğu ilə maraqlanırdım. Çünki o vaxtdan hiss edirdim ki, Keyta bizim aramızda ola bilər. Gördüm ki, pis uşaq deyil. “Qalatasaray”la matçda da bizə kömək etdi. Baxdım ki, işləyən futbolçudur. Oyununa da baxırsan, hər şeyi var. Bircə qalır, istedadını açmaq. Bunu “Qarabağ”da edə bilsə, daha görkəmli performans göstərəcək, nəinki “Zirə”də.

- Abdullah Zubirlə eyni mövqe oyunçularıdırlar. Sizcə, üstünlük kimdədir?

Təbii ki, hazırda üstünlük Zubirdədir. Məncə, Hamidu potensialını tam ortaya qoymayıb. Onun oyunlarını izləmişəm, sağ və sol cinahda, həm də 10 nömrə mövqeyində çıxış edə bilir. Ona görə də, hər mövqedə bizə kömək edə bilər.

- Çempionlar Liqasının qrup mərhələsinə bir dəfə düşmüsünüz. Amma yenə hər kəs sizdən bu nəticəni gözləyir. Növbəti mövsüm hədəfə çatmaq olacaq?

- Hamı deyə bilər ki, hədəfimiz budur. Amma yenə real olmalıyıq və hansı rəqiblərlə qarşılaşacağımızı bilməliyik. Necə oyun olacaq, hansı hava şəraitində keçəcək - hər bir amil əhəmiyyətlidir. Nəsə demək bir az çətindir. Öncə bilməliyik ki, rəqibimiz kimdir. Məşqçilər korpusu həmin komandanı analiz etməlidir, onlar barədə məlumat toplamalıdır. Sonradan futbolçulara bu barədə məlumat verilir və rəqibin bütün epizodlarına baxırıq. Özümüzün də necə oynayacağına, necə hazırlaşacağına qərar verilir. Bir oyuna hazırlaşmaq üçün əslində 10 gün də bəs etmir. O qədər videolara baxırıq ki... Məqsədimiz Çempionlar Liqasının qrupuna düşməkdir. Amma tək məqsədlə deyil axı. İstək və işgüzarlıq olmalıdır. Futbolçular dərk etməlidirlər ki, biz hansı yolu seçirik.

BAKU.WS