SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilib. 
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” yarışın qrup mərhələsinə yüksəlmək üçün səfərdə minimal hesabla (0:1) məğlub olduqları "Göteborq"la Bakıda üz-üzə gəlib. "Qarabağ" bu dəfə 3:0 hesabı ilə qalib gəlib və qrup mərhələsinə yüksəlib. Komandamız üç dəfə Avroliqanın qrup mərhələsinə düşən ilk Azərbaycan klubu olub.
 
 
Avropa Liqası

"Qarabağ" (Azərbaycan) - "Göteborq" (İsveç) 3:0 
Qollar: Rəşad Sadıqov, 19 (1:0), Muarem Muarem, 26 (2:0), Dani Kintana, 51 (3:0) 

 
"Qəbələ” də ötən gün növbəti avrokubok matçını keçirib. Ardıcıl ikinci mövsüm UEFA Avropa Liqasının pley-off mərhələsində çıxış edən "qırmızı-qaralar” cavab oyununda Sloveniyanın "Maribor” klubu ilə üz-üzə gəlib. Ötən həftə Bakıda keçirilən qarşılaşmada 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri səfər matçına üstünlüyünü qoruyub, bir il əvvəlki kimi qrupda oynamaq iddiası ilə çıxıb. Baş məşqçi avqustun 18-də baş tutan görüşlə müqayisədə start heyətində heç bir dəyişiklik etməyib.

Oyun "Maribor”un ardıcıl hücumları ilə başlayıb. İlk dəqiqələrdən üstünlüyü ələ almağa çalışan meydan sahibləri topa nəzarət etsə də, "Qəbələ”nin müdafiə səddini yarmaqda çətinlik çəkib. Komandamız isə daha təhlükəli epizod yaratmağa nail olub. Topu rəqibdən "oğurlayan” Teo Uiksdən ötürmə alan Filip Ozobiç cərimə meydanına daxil olaraq, yaxın küncü nişan alıb. Sloveniyalıları qoldan Yasmin Handanoviçin reaksiyası xilas edib. "Maribor” futbolçuları isə ilk yarı ərzində bir neçə dəfə cərimə meydanında əlverişli mövqeyə çıxmağa yaxın olub. Lakin müdafiəçilərin etibarlı oyunu təhlükənin böyüməsinə imkan verməyib. Bir neçə epizodda isə Vojislav Stankoviçin inamlı oyunu rəqibin hücumunu dayandırıb. 45 dəqiqə ərzində bir neçə dəfə oyuna daxil olan Dmitri Bezotosnı da səhvsiz çıxışları ilə diqqət çəkib.

İkinci hissəyə "Qəbələ” daha fəal başlayıb. Fasilədən sonra böyük qüvvə ilə irəli atılan "qırmızı-qaralar” ardıcıl hücumlar təşkil edib. İlk 10 dəqiqədə bir neçə dəfə çərçivəni nişan alan futbolçularımızın zərbələrinin önünə atılan sloveniyalılar topun qarşısını kəsib. Xüsusilə də Ozobiçin qüvvətli zərbələri yaddaqalan olub. Bunlardan birində top "Maribor” futbolçusunun əlinə dəysə də, hakim matçı dayandırmayıb. Ardınca meydan sahibləri oyunda tarazlıq yaradıb və tərəflər qarşılıqlı hücumlar təşkil edib. Bezotosnı Damyan Boharın zərbəsini zərərsizləşdiribsə, Məhəmməd Mirzəbəyovun irəli şığıyıb, cərimə meydanına daxil olmaq istədiyi anda onu kobudluqla dayandırıblar. 66-cı dəqiqədə sloveniyalılar oyunun taleyini həll edən qola imza atıb. Markos Tavaresin 24 metrdən qüvvətli zərbəsi "doqquzluğ”a düşüb – 1:0. Qoldan 3 dəqiqə sonra qırmızı vərəqə alan Uiks komandamızı azlıqda qoyub. Say üstünlüyü qazanan "Maribor” təzyiqi daha da artırıb.
 
"Qəbələ”yə sürətli əks-hücum imkanı verməyən mariborlular ardıcıl həmlələr təşkil etsə də, müdafiəçilər səhvə yol verməyib. Meydan sahibləri bir neçə dəfə müdafiə xəttini yarmağı bacarsa da, Bezotosnı hesabın dəyişməsinə mane olub. Hətta epizodların birində qolkiper qapı xəttinin üstündən qaytarmaqla "qırmızı-qaralar”ı qoldan xilas edib. Məhz onun inamlı oyunu ümumi hesabın "Maribor”un xeyrinə dəyişməsinə mane olub. Uzatma dəqiqələrində də mübariz keyfiyyətlərini nümayiş etdirən "Qəbələ” hesabı qorumağı bacarıb.

Beləliklə, iki oyunun ümumi nəticəsinə görə (3:2) qalib gələn "Qəbələ” ardıcıl 2-ci mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.
 
Qeyd edək ki, təmsilçilərimizin rəqibləri avqustun 26-da Monakoda keçiriləcək püşkatmada müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
 
Şahin Həbibov
BAKU.WS