VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan taekvondoçusu Radik İsayev Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının çempionu adını qazanaraq xalqımıza qələbə sevinci bəxş edib.

AZƏRTAC xəbər verir ki, 80 kiloqramdan yuxarı çəki dərəcəsində kişilərin taekvondo yarışlarında mübarizə aparan Azərbaycan təmsilçisi, dünya və Avropa çempionu, "Bakı-2015”in qalibi Radik İsayev finalda Niger idmançısı Abdulrazzak İssufuyə qarşı inamla döyüşərək rəqibinə böyük üstünlüklə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Radik İsayev "Rio-2016”da Azərbaycanın hesabına ilk qızıl medalı yazdırıb. Bu həm də Azərbaycan taekvondosu tarixində Olimpiya Oyunlarında ilk qızıl medaldır.

Olimpiya zirvəsinədək çətin yol keçən Radik İsayev səkkizdəbir final mərhələsində qazaxıstanlı Ruslan Japarovu 11:2 hesabı ilə məğlub edib. Daha sonra Cənubi Koreya idmançısı, Pekin Olimpiadasının qızıl medalçısı Ça Donqminə 12:8 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Təmsilçimiz yarımfinal mərhələsində Mahama Ço (Böyük Britaniya) ilə döyüşü də qələbə ilə başa vuraraq Olimpiya Oyunlarının finalına yüksəlib.

Radik İsayev həlledici döyüşdə Afrika oyunlarının qalibi Abdulrazak İssufu Alfaqa (Niger) ilə qarşılaşıb. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İlk hissədə rəqibin başına zərbə endirməyə imkan tapan təmsilçimiz 3:0 hesabı ilə önə keçib. İkinci hissə bu hesabla başa çatıb. İdmançımız sonuncu raundda ikinci dəqiq zərbə ilə hesabına daha üç xal əlavə edib - 6:0. Nigerli idmançının gücü yalnız 2 xal qazanmağa yetib. Beləliklə, final döyüşünü 6:2 hesabı ilə başa vuran dünya və Avropa çempionu Radik İsayev komandamızın medallarının sayını 15-ə çatdırıb. Hazırda hesabında 1 qızıl, 4 gümüş və 10 bürünc medal olan Azərbaycan ölkələrin sıralamasında 39-cu yerə yüksəlib.

Olimpiya çempionu Radik İsayevin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağımız ucaldılıb.

AZƏRTAC-ın arayışı:

Radik İsayev bir çox dünya və Avropa çempionatlarının, eləcə də, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. O, Azərbaycanın taekvondo üzrə yığma komandasının heyətinə 2012-ci ilin sonlarında daxil edilib. Növbəti il isə Meksikada keçirilən dünya çempionatında bürünc mükafata sahib olub. Bir il sonra isə Bakıda təşkil edilən Avropa çempionatının qızıl medalını qazanıb. 2015-ci ildə Cənubi Koreyada hərbçilərin VI dünya oyunlarında üçüncü, həmin il Meksikadakı komandalararası dünya kubokunda birinci yeri tuub. Ötən il Rusiyada keçirilmiş böyüklər arasında dünya çempionatında birinci yerə çıxıb.

R.İsayev hazırda milli komandamızın liderlərindən biridir. Dünya Taekvondo Federasiyasının Olimpiya reytinqinə əsasən, üçüncü pillədə qərarlaşmaqla, "Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

"Bakı-2015” birinci Avropa Oyunlarında qızıl medal qazanan Radik İsayev Azərbaycan Prezidentinin 2015-ci il 29 iyun sərəncamına əsasən "Şöhrət” ordeni ilə təltif edilib.

BAKU.WS