SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Bakıda keçiriləcək "Formula 1" Avropa Qran Prisinə bilet əldə etmiş azarkeşlər üçün əyləncə proqramı hazırlanıb.
 
BAKU.WS məlumat verir ki, yarış çərçivəsində hazırlanmış proqram dünya səviyyəli ulduzların səhnə performansları və uşaqlar üçün təşkil olunmuş müxtəlif əyləncə növləri ilə zəngindir.

Sözügedən proqramı olduğu kimi təqdim edirik:
 


Cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda, minlərlə Formula 1 azarkeşinin qarşısında özünün "Yeah3x”, "Look At Me Now” və "Beautiful People” kimi məşhur hitlərini ifa edəcək. 
 



Şənbə axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. "Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün "Hero”, "Bailamos” və "I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.
 


Bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində "Get Lucky”, "Happy” və "Frontin” kimi populyar hitlərinin və sadalamadığımız digər musiqi parçalarının müəllifi kimi tanınır. 2016-cı il Formula 1 Avropa Qran Prisində sonuncu avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən Formula 1 tədbiri yekunlaşacaq.
 


2013 -ci il "Yeni dalğa" musiqi yarışmasının qalibi, kubalı müğənni Roberto Kel Torres də yarış çərçivəsində Bakının qonağı olacaq.

Yerli ulduzlar 


Qran Pri həftəsonu ərzində müxtəlif yerli musqiçilər canlı musiqi ifalarını təqdim edəcək.
 



Pilotlarla avtoqraf sessiya
 

Qran Pri həftəsonu ərzində Formula 1 pilotları ilə görüş və avtoqraf sessiyaları təşkil ediləcək. 

Azərbaycan Mədəniyyəti Guşəsi 

Burada siz Azərbaycanın tarixi sənətkarlıq və ticarət ənələrinin sirləri ilə - xalça toxuma, şüşə üzərində nəqqaşlıq, qurama sənəti, dulusçuluq, şəbəkə, çekanka, taxta üzərində oyma, miniatür musiqi alətlərinın hazırlanması, araxçın və çarıq hazırlanması, naxış tikmə və kələğayı boyama ilə tanış ola bilərsiniz. Həmçinin, milli şirniyyat növlərini və məşhur Azərbaycan çayını dada bilərsiniz.  

Səyyar Əyləncə  Proqramı
 


Yarış günləri ərzində ticarət və əyləncə məkanlarında müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı tamaşaçıların əyləncəsinə xüsusi rəng qatacaq. Səyyar proqrama Güzgü Adam, aktyor Spandy Andy, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və Ənənəvi Azərbaycan Rəqqaslarının rəqsləri daxildir. 
 


Ailəvi Əyləncə 


Uşaqlar üçün üz boyama, habelə, F1 mövzusunda saç kəsimləri, karikatura ustalarının işləri, o cümlədən, dırnaq boyama və xına naxış sənəti nümunələri nümayiş etdiriləcək. Bakı Şəhər Halqasında keçirdiyiniz həftəsonunu əbədiləşdirmək üçün böyük #F1Baku həştəqinin qarşısında və ya podiumun ən üst pilləsində şəkil çəkdirirmək fürsətindən yararlanın. 

Uşaqlar, həmçinin, Bulvarda daimi xidmət göstərən müxtəlif attraksionlarda – elektromobillərdə, pirat gəmi-yelləncəklərində, qorxu otaqlarında, vertikal qüllələrdə və digər karusellərdə əylənə biləcəklər.

F1 Oyun Zonası

 
F1 Oyun Zonasında təşkil olunan simulyatorda Formula 1 sükanın arxasına keçərək, dostlarınızla yarışmaq fürsətdən faydalanın. Həftəsonu ərzində dövrəni başa vuran ən sürətli iştirakçı eksklyuziv Formula 1 Paddokunun səhnəarxasına giriş hüququ əldə edəcək.

Formula 1 Rəsm Qalereyası

Bulvarda təşkil olunmuş qalereyada Formula 1 tarixinə səyahət edə və Formula 1 Dünya Çempionatının 65 illik tarixini və həyəcanını əks etdirən fotolarla tanış ola bilərsiniz.

 
Akva Skript Su Paneli  

12 metrlik su paneli Qran Pri həftəsonu ərzində baş verənlər haqqında məlumatı dinamik şəkildə əks etdirəcək.

3D Yerüstü Qraffiti 

Bulvar ərazisində yerləşən müxtəlif yerüstü 3D illuziya incəsənət nümunələri ilə tanış olun və şəkil çəkdirin.

İstirahət Zonası 


Əgər trekdə dincəlməyə yer axtarırsınızsa, Bakı Şəhər Halqası sizin üçün onu da təşkil edib. Trekdəki hərəkətdən bir qədər uzaqlaşmaq istəsəniz, çuval formalı rahat oturacaqlarda, çətirlərin altında, divanlarda, kiçik masalarda və şezlonqlarda istirahət edin.

Ramazan Çadırı 

Ramazan ayı ərzində oruc tutan tamaşaçılar axşam saatlarında xurma və sularla öz oruclarını aça bilərlərlər.

Dırmaşma Divarı

8 metr hündürlüyə malik dırmaşma divarını fəth etməyə cəhd göstərin.

Hava Turbini

Bakı Şəhər Halqasında təşkil olunan hava tunelində uçmağın həyəcanını hiss edin. 

Yarımdairəvi Skeyt Parkı 


Müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirəcəklər.

Batut Şousu

Təcrübəli akrobatlar batut şousu ilə tamaşaçıları əyləndirəcəklər. Eyni zamanda, tamaşaçılar batut üzərində hərəkətlər barədə qısa təlimdə iştirak edə bilərlər.

Motosiklet Şousu

Təcrübəli motosikletçilər böyük ölçülü dəmir kürənin içərisində azarkeşlər üçün motosikletlərlə mürəkkəb nömrələr nümayiş etdirəcəklər. 

Uşaqlar üçün Sürücülük Məktəbi  

Uşaqlar əyləncəli və təhlükəsiz mühitdə yol hərəkəti qaydalarını öyrənə bilərlər. 

Uşaqlar üçün Kartinq

Həftəsonu ərzində uşaqlar müvəqqəti kartinq halqasında dövrələri daha tez zamanda başa vurmaq üçün yarışacaqlar.