ZƏLZƏLƏ RİSKİ - Azərbaycanın ən titrək bölgələri haradır?

Hər il ölkədə hiss olunmayan, lakin rəsmi qurumlar tərəfindən qeydə alınan onlarla kiçik yeraltı təkan baş verir. Bu zəlzələlər bir çox hallarda ciddi təhlükə yaratmasa da, əhalinin zəlzələ ilə bağlı suallarını daima gündəmdə saxlayır.
Bəs görəsən, ölkəmizdə ən təhlükəli seysmik zonalar haradadır? Paytaxt Bakı üçün hansı maqnitudalı yeraltı təkanlar xarakterikdir?
Bu və digər suallarla bağlı Azərbaycanın tanınmış seysmoloqu Ənvər Əliyevə müraciət etdik. O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, Azərbaycanda baş verən 3-4 ballıq titrəyişlər ildə bəzən minlərlə olur. Əvvəlki dövrlərdə insanları təşvişə salmamaq üçün xəbəri verilməyib.

Mütəxəssis həmçinin söylədi ki, Azərbaycanın ən seysmik zonası, 9-10 ballıq zəlzələlər baş vermə ehtimalı olan yer Şəkidən bir neçə kilometr aralı, Ağsuçaya, Şamaxıya qədər uzanan və bir tərəfi də Qubaya qədər uzanan kobud üçbucaqfason ərazidir:
"Həmin yer Ağsunun, Şamaxının, Şabranın və Şəkinin bir hissəsini əhatə edir. Buralar 10 ballıq zonalar hesab edilir. 9 ballıq bölgələr isə Qazax, Zaqatala, Lənkəran və Naxçıvan ərazilərində yerləşir. Digər bir 9 ballıq ərazimiz isə Şah Dili adlanan ərazidən başlayır və Kür çayının deltasına qədər uzanır. Orada Xəzər dənizinin sularının altında, ləkə şəklində, böyük bir ərazidə 9 ballıq zona var. Bu ərazilər seysmik cəhətdən ən aktiv yerlərdir".
Ənvər Əliyev onu da vurğuladı ki, ümumilikdə Bakı şəhəri seysmik cəhətdən çox da aktiv və güclü ərazilərdən deyil. Burada xəritədə maksimum 8 ballıq kimi göstərilir:
"Şimal rayonları 7 ballıq, cənub 7-8 ballıq ərazilərdir. Bir qədər Abşerondan uzaqlaşdıqda, şimaldan Şabran istiqamətində dənizə doğru, sahildən aralı Kür çayına qədər olan hissədə, dənizin içində seysmik cəhətdən aktiv, 8 ballıq hissələr mövcuddur".
"Tarixən Bakı şəhəri güclü zəlzələlərdən uzaq olub. Bakıda ağır yeraltı təkanlar qeydə alınmayıb. Mənbələr və tarixi abidələr bundan xəbər verir. Lakin təəssüf ki Bakı üçün tək qorxulu məqam yer qabığında çat məsələsidir. Burada müəyyən qədər aktivlik hələ ki yoxdur. Abşeron yarımadasında təqribən 2-2.7 santimetr qalxmalar var. Bu qalxmalar da yer qabığında çatların əmələ gəlməsi üçün səbəbdir. Çatlar təqribən Lökbatan istiqamətindədir. Lakin ümumi nəzər saldıqda Bakı seysmik cəhətdən aktiv zonada deyil. Abşeron yarımadasl, Sumqayıt, təxminən 7 ballıq zəlzələ zonasında yerləşir", - deyə ekspert son olaraq vurğulayıb.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin son məlumatına görə, Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın 1-dən iyulun 1-dək - red) maqnitudası 3 və ondan yuxarı 49 zəlzələ qeydə alınıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları təsdiqlənib
Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və daşınmaz abidələrin pasportunun nümunəvi forması təsdiqlənib. BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Ə...