Son iki il ərzində Azərbaycan cüdoçuları məğlubiyyətlə qarşılaşır.


BAKU.WS
-in məlumatına görə, çox vaxt bu uğursuzluğu cüdoçulara yetərincə qayğı göstərməməklə əlaqələndirirlər.

Cüdoçular son illərdə uğursuzluğa düçar olmalarını gördükləri münasibətin nəticəsi kimi qiymətləndirirlər.

Məsələyə aydınlıq gətirmək Olimpiya çempionuı, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlilə əlaqə saxladıq.

Olimpiya çempionu BAKU.WS-ə açıqlamasında idmançıların düçar olduğu uğursuzluğu təkcə maliyyə məsələlərilə bağlamağın düzgün olmadığını bildirdi. Onun sözlərinə görə, güləşçi, cüdoçu üçün ilk öncə həvəs, istək və güc lazımdır. Potensial gücə malik olmayan idmançıya milyonlarla pul xərcləsən belə yenə də yaxşı nəticə almaq mümkün deyil.

"Təbii ki, hər işdə yaxşı nəticə əldə detmək üçün maddi durum vacib amillərdən biridir. Lakin idmançıların da öz qabında nəsə olmalıdır. Vaxtilə Elnur Məmmədli pula görə döyüşmürdü. İlk növbədə ölkəmizə, bayrağımızı yüksəltməyə görə döyüşürdüm. Ən axırıncı pulu fikirləşirdim. Lakin indiki idmançılar hələ döşəyə çıxmamış pul arzusunda olurlar”, - deyə Elnur Məmmədli bildirib.

Elnur Məmmədli gənc cüdoçular arasında istedadlı və bacarıqlı idmançıların olduğunu istisna etmir. Lakin ustad döyüşçü deyir ki, idmançının yetişməsi üçün birinci növbədə öz üzərində çalışmaları lazımdır: "İndiki cavanlar, yaxşı maaş istəyirlər. Bu sözü hamıya şamil etmirəm. Amma yaxşı idmançı olmaq üçün ilk növbədə güclü məşq lazımdır. İndiki idmançılar əziyyət çəkmədən pul tələb edirlər. Çox çalışmaq lazımdır ki, çox da qazanasan”.

 

Qeyd edək ki, ötən gün Azərbaycanın bir qrup cüdoçusu president İlham Əliyevə müraciət edib. Ölkə başçısına ünvanlanan müraciətdə cüdoçular qarşılaşdıqları problemləri qeyd ediblər.

Onlar cüdo idman növündə əldə edilən uğurları prezidentin diqqətinə çatdırıblar. Cüdoçular son illərdə gördükləri münasibətin nəticəsi olaraq, uğursuzluğa düçar olduqlarını və çıxış yolu olaraq, ölkə başçısından dəstək gözlədiklərini qeyd ediblər.

Müraciət cüdo idman növündə nailiyyəti olan 25 idmançı tərəfindən imzalanıb.

Xatırladaq ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 18 cüdoçumuzdan yalnız 1 nəfər mükafata layiq yer tuta bilmişdi.

Federasiyanın prezidenti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.

Ziya Səccad
BAKU.WS