Yeni model ili: Cayenne üçün müasir məlumat-əyləncə sistemi, Macan üçün yeni mühərrik
Dördsilindrli turbomühərrikli ilkin model: Porsche Macan
Porsche şirkəti Macan-ın ilkin modeli ilə öz kompakt SUV ailəsini genişləndirir. Bu modelin dördsilindrli turbomühərriki xüsusi olaraq SUV seqmentindəki idman avtomobili üçün yaradılıb. Cayenne modeli isə yeni model ilinə ən son nəsil Porsche Communication Management (PCM) adlanan kommunikasiya mərkəzi ilə daxil olur.
Turboüfürməyə malik ikilitrlik Macan mühərriki 5000-6800 dövr/dəq diapazonunda 185 kVt (252 a.g.) hasil edir və standart təchizatda yeddipilləli Porsche Doppelkupplung (PDK) sürət qutusu ilə təchiz olunur. Bunun sayəsində təsir bağışlayan sürətyığma göstəriciləri əldə olunmuşdur: saatda 100 km sürəti Macan 6,7 saniyəyə yığır, Sport Chrono opsional paketlə isə buna sərf olunan vaxt 6,5 saniyəyədək azalır. Maksimal sürət 229 km/s təşkil edir. Yanacaq sərfiyyatına gəldikdə isə, Macan kifayət qədər qənaətcil olduğunu nümayiş edir: seçilmiş təkər şinlərindən asılı olaraq, dördsilindrli turbomühərrik NEDC rejimində 100 kilometrlə ortalama 7,2 litrdən 7,4 litrədək yanacaq sərf edir.
Dördsilindrli idmansayağı turbomühərrik
Silindrləri bir xətt üzrə düzülmüş dördsilindrli mühərrik idmansayağı xassələri və qənaətcilliyi ilə seçilir. Bu, üfürmə təzyiqinin 2 baradək olması, üfürülən havanın soyudulması, benzinin birbaşa püskürülməsi və qazpaylama fazalarının tənzimlənməsi sistemi sayəsində əldə olunub. VarioCam Plus sistemi daim daxil və xaric etməyə cavabdeh paylayıcı valların mövqeyini tənzimləyir və xaric etmə klapanların gedişini idarə edir. 1600-4500 dövr/dəq diapazonunda əldə olunan 370 Nm fırlanma anı sayəsində avtomobil ötmə əməliyyatlarının öhdəsindən asanlıqla gəlir.
Sürücünün istəyi ilə Macan, Porsche-nin bütün modelləri kimi, öz gücünü idmansayağı hərəkət dinamikasında da nümayış edə bilər. Buna standart təchizata daxil olan Porsche Traction Management (PTM) aktiv tam ötürmə sistemi və həmçinin təsirli hərəkət hissəsi və dəqiq sükan sistemi imkan yaradır. Kuzovun hündürlüyə görə tənzimlənməsini təmin edən və PASM aktiv amortizatorlara malik pnevmoasqı opsiya kimi təklif olunur. 1770 kq çəkiyə malik Macan, Porsche şirkətinin ən yüngül SUV avtomobilidir ki, bu da yüksək çevikliyə və dinamikaya imkan yaradır.
Geniş yüksək keyfiyyətli standart təchizat elementləri siyahısı
Yeni ilkin model öz ailəsinin daha güclü üzvlərindən yalnız detalları ilə fərqlənir. Eksteryerdə fərqləndirici əlamətləri kimi yan pəncərələrin tutqun qara plankaları, 18-düymlük disklərin arxasında gizlənmiş qara əyləc supportları və xaricetmə sisteminin tutqun paslanmayan poladdan hazırlanmış iki ədəd səsboğucu başlığı çıxış edir. Standart təchizat əsasən S modelinə yönəlib. Belə ki, Macan mərkəzi hissəsi alkantara ilə işlənmiş və səkkiz istiqamətdə (sürücü tərəfdə) elektrik ötürücülər vasitəsilə tənzimlənən rahat oturacaqlarla, ən son nəsil Porsche Communication Management, hərəkət zolağından çıxma barədə xəbərdaredici sistem və həmçinin elektrik ötürücülü avtomatik baqaj bölməsi qapısı ilə təchiz olunur.
Cayenne yeni məlumat-əyləncə sistemi ilə təchiz olunur: daha çox şəbəkə imkanları
Cayenne modelinin standart təchizatına daxil olan Porsche Communication Management (PCM) kommunikasiya mərkəzinin əsas elementi yüksək keyfiyyətli təsvir əks etdirən 7-düymlük sensorlu monitordur. Yenilənmiş interfeys onu smartfon kimi idarə etməyə imkan verir. Yaxınlaşma sensoru sürücü və ya sərnişinin növbəti komanda vermək arzusunu müəyyən etdikdə, monitora müvafiq menyu çıxardılır ki, onu da multisensor jestlərlə idarə etmək mümkündür. Bluetooth, USB və SD-kart interfeysləri smartfon və müxtəlif yaddaş qurğularını qoşmağa imkan verir. Yenilik: Apple CarPlay® sistemindən istifadə etmək üçün iPhone-u PCM-lə əlaqələndirmək imkanı.
Cayenne modelinin standart təchizatına yeni naviqasiya modulu daxildir. O, xəritələrin yüksək keyfiyyətli təsviri ilə seçilir, bəzi regionlarda isə il dəfə olaraq üçölçülü təsviri əks etdirmək imkanına qadirdir. Marşrut üzrə istiqamətləndirmə səs komandaları vasitəsilə asanlıqla işə salınır. Opsional Connect Plus modulu yollardakı vəziyyət barədə real vaxt rejimində alınan məlumatların istifadəsi sayəsində marşrutun dinamik təyin olunma keyfiyyətini mühüm dərəcədə yaxşılaşdıra bilir. Marşrutların və yaşayış məntəqələrinin vizual görüntüsünü təkmilləşdirmək üçün Google Street View® və Google Earth® onlayn-servislərdən istifadə oluna bilər. Bundan savayı, PCM WLAN üzrə işləyən qurğular üçün əlaqələndirici mərkəz kimi çıxış edə bilər ki, bu da smartfonların daha geniş inteqrasiyasını təmin edir. Daha bir yenilik – Porsche Connect tətbiqetməsi. Bir çox funksiyalarla yanaşı, o, marşrut üzrə istiqamətləndirməni işə salmaq üçün smartfondan PCM-ə naviqasiya sistemi üçün təyinat nöqtələrin ötürülməsinə imkan verir. Connect Plus modulunda artıq bəlli olan Porsche Car Connect tətbiqetməsi də mövcuddur. Onun köməyi ilə smartfon vasitəsilə məsafədən avtomobilin bəzi funksiyalarını idarə etmək və tələb olunan məlumatları – misal üçün, çəndə qalan yanacaq səviyyəsini - əldə etmək mümkündür.
Bütün müasir modellər üçün optimal şəbəkə həlləri
Yeni PCM-in premyerası yeni 911-də (991 II) baş tutmuşdur. Artıq o, yeni 911-in bütün modifikasiyalarının standart təchizatına daxildir. Belə ki, Carrera modelləri ilə yanaşı, yeni məlumat-əyləncə sistemi ilə həmçinin Targa və 911 Turbo modelləri təchiz olunur. Bundan savayı, bu modul yeni model ilinin Macan modelinin standart təchizatına daxildir. 718-in yeni model sırası da məlumat-əyləncə sisteminin yeni nəslinə sahib çıxıb. Avtomobilin modelindən asılı olaraq, PCM müxtəlif funksionala malikdir. Opsional paketlər vasitəsilə, sistemin imkanları genişləndirilə bilər.
Porsche modelləri üzrə fotomateriallar Porsche Newsroom xəbər portalından (http://newsroom.porsche.de) və akkreditasiya olunmuş jurnalistlər üçün pressa üçün nəzərdə tutulmuş Porsche saytından (https://presse.porsche.de) əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Rusiyada biznesmenin "Porsche Cayenne”ini oğurlayan azərbaycanlılar tutuldu (FOTO)
Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Azərbaycandan olan cinayətkar qrupu zərərsizləşdirib. BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi məlu...