Porsche çempion titulunu WEC və Le-Manda öz 919 Hybrid modeli ilə qoruyacaq

Porsche çempion titulunu WEC və Le-Manda öz 919 Hybrid modeli ilə qoruyacaq
İqtisadiyyat 866

Porsche çempion titulunu WEC və Le-Manda öz 919 Hybrid modeli ilə qoruyacaq.

2015-ci ilin uğurlu mövsümdən sonra (Le-Manda ümumi hesabda qalibiyyət, FIA WEC dözümlülük üzrə avtomobil yarışlarının dünya çempionatında istehsalçıların hesabında və pilotların fərdi hesabında çempion titulunun əldə olunması) 2016-cı ildə Porsche öz titulunu qoruyub saxlamaq fikrindədir. Dünya çempionatının qalibləri kimi 900 at gücünə malik Porsche 919 Hybrid avtomobilləri starta 1 və 2 nömrəsi altında çıxacaqlar. Bu, Le-Man marafonunun və dözümlülük üzrə avtomobil yarışlarının dünya çempionatının (FIA WEC - World Endurance Championship) təşkilatçısı olan Qərb avtomobil klubunun (ACO - Automobile Club de l’Ouest) Parisdə keçirdiyi press-konfransda təsdiqlənmişdir.

Komandanın rəhbəri Andreas Zaydl qeyd etmişdir: "Starta 1 və 2 nömrələri altında çıxmaq həm şərəfdir, həm də ki, çağırış. 2016-cı ildə biz daha güclü rəqabətlə qarşılaşacağımızı bilirik, lakin buna baxmayaraq yenə qələbə uğrunda mübarizə aparmaq arzusundayıq və titulumuzu qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik. Fevralda biz Abu-Dabidə sınaq və məşqlərlə bağlı intensiv proqrama başlamışıq”.

Porsche-nin yüksək texnoloji Le-Man prototiplərinin top-kateqoriyasına qayıtdığı andan sayca üçüncü mövsümdə iştirakı üçün innovativ Porsche 919 Hybrid əhəmiyyətli surətdə təkmilləşdirilmişdir. Bununla yanaşı, şassinin ümumi strukturu və ötürmə konsepsiyası dəyişilməz qalıb.

Frits Entsinger, LMP1 rəhbəri: "İdman iddialarımızdan asılı olmayaraq, bizim əsas işimiz – Porsche və gələcəyin perspektiv texnologiyaları üçün "nou-xau”ların yaradılmasıdır. Səmərəliliyə istiqamətləndirilmiş unikal reqlamentə və geniş texniki azadlığa malik WEC çempionatı gündəlik istismar üçün nəzərdə tutulmuş idman avtomobilləri üçün innovasiyalar yaratmaq və onları sınaqdan keçirmək istəyən şirkət üçün optimal meydandır”.

2014 və 2015-ci illərlə müqayisədə dəyişilməz olan pilotlar heyətini Porsche şirkəti hələ noyabr ayının sonunda təsdiqləmişdir: dünya çempionları Timo Bernxard (Almaniya/35 yaş), Brendon Hartli (Yeni Zelandiya/26 yaş) və Mark Uebber (Avstraliya/39 yaş) yarışa 1 nömrəli avtomobildə qatılacaqlar. Komandanın 2 nömrəli ikinci avtomobili də peşəkarlar triosu idarə edəcək: Romen Dyuma (Fransa/38 yaş), Nil Yani (İsveçrə/32 yaş) və Mark Lib (Almaniya/35 yaş).

1-ci sinif Le-Man prototipləri üçün nəzərdə tutulmuş reqlament mühəndislərə qeyri-adi geniş imkanlar bəxş etməklə yanaşı həm də qabaqcıl texnologiyaların istifadəsini tələb edir. 919-dakı hibrid transmissiya innovativ daunsayzinq (litrajın azaldılması) texnologiyası ilə ikilitrlik V4 benzin mühərrik üçün səmərəli birbaşa püskürmə sisteminə malik turboüfürməni özündə birləşdirir və iki müxtəlif rekuperasiya sistemlərindən (ön oxdan – tormozlama enerjisi, DYM-dən isə işlənmiş qazların enerjisi) alınan elektrik enerjisinin toplanması üçün litiy-ion batareyasını istifadə edir. 919 Hybrid avtomobilinin toplam gücü 900 a.g. çatır və ümumi yollarda istifadəsi nəzərdə tutulan gələcək idman avtomobillərinin yaradılması baxımından Porsche üçün mühüm təkanları təmin edib. Misal üçün tam elektrik ötürücülü Mission E konsepti üçün 800-voltluq texnologiya. O, batareyaların enerji ilə doldurulma vaxtını kəskin surətdə azaldır. Dördqapılı konseptual idman avtomobilinin seriya istehsalına bu onilliyin sonunadək başlanılmalıdır.

919 Hybrid modelinə cavabdeh olan texniki direktor Aleksander Hirsinger: "2015-ci il mövsümü üçün tam yeni 919-cunu hazırladığımızdan sonra, bu dəfə şassinin quruluşu dəyişilməz olaraq qalır. Ona görə də funksional sınaq üçün hər hansı təyin olunmuş bir tarix yoxdur. Əlavə olaraq, biz avtomobili tədricən 2016-cı ilin texniki tələblərinə uyğunlaşdırırıq. Reqlamentdə yanacaq sərfiyyatı və yanacaq axınına dair edilən dəyişikliklər bizim hesablamalarımıza görə Le-Manda hər dairədə təqribən 4 saniyə vaxt itkisinə səbəb olacaq. 919 Hybrid-i təkmilləşdirməklə biz bu itkini nə qədər kompensasiya edə biləcəyimizi hələ hesablamaq mümkün deyil”.

Dözümlülük üzrə avtomobil yarışlarının dünya çempionatı (WEC) 1960-cı illərdən 1980-ci illərədək keçirilən idman avtomobilləri arasında keçirilən dünya çempionatlarının ənənələrini davam edir və Formula-1-dən sonra dünyada ən əhəmiyyətli yarış seriyasıdır. 2016-cı ildə o, doqquz ölkədə keçiriləcək doqquz mərhələdən ibarət olacaq. Mövsümün kulminasiyası – 24 saat Le-Man (Fransa) yarışıdır. Porsche, bu yarışlarda 17 dəfə qalib gəlməklə hələ də ümumi hesabda rekordsmen olaraq qalır. Digər səkkiz yarışın hər biri 6 saat davam edir. Mövsümü Silverstoun (Böyük Britaniya/17.04.) və Spa-Frankorşam (Belçika/07.05.) yarışları açacaq. Le-Mandakı (18./19.06.) 24-saatlıq yarışdan sonra dünya çempionatı Nürburqrinqə (Almaniya/24.07.) üz tutur. Mexiko-Citi (03.09.) trassasında keçiriləcək yarış çempionatın təqvimində bir yenilikdir. Ondan sonra yarışlar Ostində (Texas, ABŞ/17.09.), Fudzidə (Yaponiya/16.10.), Şanxayda (Çin/06.11.) keçiriləcək. Çempionatın proqramındakı final yarışması Bəhreyndə (19.11.) baş tutacaq.

Texniki innovasiyalar üçün olan potensial Porsche-ni marafon yarışlarının top-kateqoriyasına qayıtmağa sövq etdi. Porsche 919 Hybrid-in 2014-cü ildən bəri iştirak etdiyi 16 yarışdakı yekun nəticəsi belədir: on iki poul-pozisiya, yeddi qələbə, onlardan 4 – cüt, beş ən tez yarış dairəsi, istehsalçılar və pilotların fərdi hesabların hər birində dünya çempionu titulu. 2015-ci ildə 919-cudan başqa heç bir avtomobil birinci start sırasından yarışa başlamağa müvəffəq olmayıb.

BAKU.WS

Son xəbərlər