Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi: "Boşanıram, əl çəkin!"
Son beş ildə 60 yaş və daha yuxarı yaşda olan şəxslər arasında boşanmaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər bildirirlər ki, bu qərar bəzən yaşlılıqda yaranan problemdən deyil, 30-40 il əvvəl başlayıb illərlə təxirə salınan ailədaxili konfliktlərdən qaynaqlanır.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Boşanma daha çox gənc ailələrin qarşılaşdığı problem kimi qəbul edilir. Lakin Azərbaycanda son illərin statistikası göstərir ki, nikahın pozulması yalnız gənc yaşlarla məhdudlaşmır. 60 və daha yuxarı yaşda olan insanlar arasında da boşanmaların sayı artır. 2021-ci ildə 60 və daha yuxarı yaşda 563 kişi boşanıb. 2022-ci ildə bu göstərici 528 nəfərə ensə də, sonrakı illərdə yenidən artaraq 2023-cü ildə 693, 2024-cü ildə 761, 2025-ci ildə isə 838 nəfərə çatıb. Beləliklə, 2021-ci illə müqayisədə 2025-ci ildə bu yaş qrupunda boşanan kişilərin sayı 275 nəfər və ya 48.8 faiz artıb. Qadınlar arasında da oxşar dinamika müşahidə olunur. 2021-ci ildə 60 və daha yuxarı yaşda 293 qadın boşanıb. 2022-ci ildə bu rəqəm 274, 2023-cü ildə 366, 2024-cü ildə 405, 2025-ci ildə isə 431 nəfər olub. Bu isə beş il ərzində 138 nəfər və ya 47.1 faiz artım deməkdir. Bəs 30-40 illik evlilikdən sonra cütlüklər niyə ayrılmaq qərarına gəlirlər? İnsan 60 yaşına qədər boşanmayıbsa, niyə məhz bu yaşdan sonra belə qərar verir?
Psixoloji dönüş nöqtəsi
Psixoloq Günel Hacızadənin sözlərinə görə, 60 yaşdan sonra boşanmanı "uşaqlar getdi, ər-arvad bir-birinə dözə bilmədi" kimi izah etmək düzgün deyil. Araşdırmalar göstərir ki, boşanmanın əsasını çox vaxt münasibətlərdə daha əvvəldən mövcud olan problemlər təşkil edir:
"Boş yuva və pensiya dövrü isə bəzən sadəcə həmin problemləri daha görünən edir. Cütlük 30-35 il ərzində uşaqlara görə, maddi səbəblərdən, "el-aləm nə deyər?" düşüncəsi ilə münasibətdəki ciddi problemlərə dözə bilər. Bəzən isə "onsuz da bu yaşdan sonra nə dəyişəcək?" düşüncəsi insanı münasibətdə qalmağa sövq edir. Lakin 60 yaşda insan qarşısında tamam başqa zaman perspektivi görür. "Mənim qarşıda hələ 20-30 il həyatım ola bilər. Mən bu illəri də belə keçirmək istəyirəmmi?" - bu, çox güclü psixoloji dönüş nöqtəsidir".
"Qalan ömrümü belə yaşamaq istəmirəm" düşüncəsi
G.Hacızadənin fikrincə, uzunmüddətli emosional laqeydlik, xəyanət, alkoqol asılılığı, təhqir, fiziki və ya psixoloji zorakılıq, həddindən artıq nəzarət, maliyyə problemləri, ailə daxilində bərabərsiz yük, eləcə də tərəflərin illər ərzində bir-birindən uzaqlaşması kimi problemlər uzun müddət davam edə bilər. Yaşlıların boşanmalarına dair araşdırmalarda da zorakılıq, xəyanət, asılılıq və artıq bərabərsizliyə dözməmək kimi amillərin mühüm rol oynadığı göstərilir:
"Qalan ömrümü belə yaşamaq istəmirəm" düşüncəsi isə bu yaşda boşanmanın əsas psixoloji məqamlarından biridir. Bu düşüncə 60 yaşdan sonra daha güclü hiss edilir. Çünki gənc insanın qarşısında "hələ çox vaxtım var" düşüncəsi dayanır. 60 yaşlı insan isə həyatın və zamanın məhdudluğunu daha real hiss edir".
"Yaş artdıqca insanın həyata baxışı dəyişir"
Sosioloq Naib Niftəliyev isə bildirir ki, boşanmaların səbəbini yalnız statistik rəqəmlər əsasında müəyyənləşdirmək mümkün deyil. Onun sözlərinə görə, burada obyektiv sosioloji səbəblər, sosial-iqtisadi motivlər, eləcə də 20-30 il ərzində davam etmiş mənəvi və psixoloji konfliktlər nəzərə alınmalıdır:
"Münasibətlərdə davamlı uzaqlaşma, qarşılıqlı anlaşılmazlıq, tərəflərin emosional baxımdan bir-birini tamamlamaması və yalnız məişət-iqtisadi səbəblər üzərində qurulan ailə münasibətləri müəyyən müddətdən sonra ciddi problemlərə gətirib çıxara bilər. Uşaqların böyüməsindən sonra ailədə "boş yuva" mərhələsinin yaranması da bu problemləri daha görünən edir".
Sosioloqun fikrincə, insanların gənc yaşlarında boşanmamasının arxasında mənzil və əmlak məsələləri, iqtisadi asılılıq, qohumların münasibəti, ictimai qınaq və ailənin dağılması qorxusu kimi amillər dayanır. Yaş artdıqca isə insanın həyata baxışı dəyişir:
"Gənc yaşlarda insan özünü daha çox valideyn, həyat yoldaşı və ailə üzvü kimi görür. Övladlar müstəqil həyata keçdikcə isə insanın öz şəxsi ehtiyaclarına diqqət yetirmək zərurəti artır. Sağlamlığa, rahatlığa və həyat keyfiyyətinə daha çox əhəmiyyət verilir. Bu mərhələdə insan həyatının qalan hissəsini necə yaşamaq istədiyini daha çox düşünməyə başlayır. Bu baxımdan boşanma bəzi insanlar üçün çıxış yolu və ya bir növ xilas vasitəsi kimi qəbul olunur".
"Bəzən boşanma 60 yaşda yox, 30 yaşda başlayır"
N.Niftəliyev hesab edir ki, 60 yaşdan yuxarı insanların birgə yaşaması gözlənilən olsa da, ciddi konflikt və qarşılıqlı zərər olduğu halda ayrılıq qərarını anlamaq mümkündür:
"Bu, 60 yaşda da, 70 yaşda da baş verə bilər. İnsan müəyyən yaşdan sonra rahatlığa, normal ünsiyyətə və sakit həyata daha çox ehtiyac duyur. Bu baxımdan 60 yaşdan sonra boşanma qərarını bəzən 30-40 yaşlarında başlayan problemlərin gecikmiş nəticəsi kimi qiymətləndirmək olar. Bu, bir növ gecikmiş dəyərləndirmə prosesidir".
N.Niftəliyevin sözlərinə görə, cəmiyyətin 60 yaşdan sonra boşanmaya münasibətində də müəyyən dəyişikliklər müşahidə olunur:
"El-aləm nə deyər?" düşüncəsi əvvəlki qədər güclü deyil. Lakin ictimai rəyin təsiri tamamilə aradan qalxmayıb. Xüsusilə kiçik icmalarda, konservativ sosial mühitdə və geniş qohumluq əlaqələrinin güclü olduğu ailələrdə bu təsir hələ də qalır".
Artımın özündən çox, səbəbləri araşdırılmalıdır
Sosioloq hesab edir ki, 2021-2025-ci illərdə 60 yaşdan yuxarı şəxslər arasında boşanmaların artımına yalnız narahatlıq prizmasından yanaşmaq doğru deyil. Onun fikrincə, əsas məsələ bu tendensiyanın səbəblərini araşdırmaq, ailədaxili problemlərin həlli üçün düzgün modellər formalaşdırmaq və sağlam ailə münasibətlərinin təşviqinə sistemli yanaşmaqdır:
"Bu baxımdan məsələ yalnız statistik göstərici deyil, həm də sosial-hüquqi və sosial-etik maarifləndirmə mövzusudur. Ailə qurarkən olduğu kimi, boşanarkən də bütün nəticələri ölçüb-biçmək vacibdir".
Oxşar xəbərlər
Ürək-damar xəstəliklərinin hansı siqnalları var?
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri barədə müzakirə aparılıb. Ürək-damar xəstəliklərinin əsas risk faktorları hansılar...