Yanğınların 91%-i evlər və avtomobillərdə baş verir – Statistika açıqlandı

Yanğınların 91%-i evlər və avtomobillərdə baş verir – Statistika açıqlandı
Sosial 39

Bu ilin ilk altı ayı ərzində ötən ilki ilə müqayisədə yanğınlarda həlak olan insanların sayı 1 nəfər, xəsarət alanların sayı 46 nəfər, yanğınlardan dəyən maddi ziyanın məbləği  isə 2.146.706 manat azalıb. 

Bu, BAKU.WS-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, cari ilin 6 ayı ərzində baş vermiş və rəsmi statistik uçota düşmüş  yanğın hadisələrinin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə azalmalarla müşayiət olunub.

"Belə ki, hazırki dövrədək aparılmış təhqiqat işlərinin nəticələrinə əsasən 2025-ci ilin ötən yarım ili ərzində 776 yanğın hadisəsi rəsmi qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 114 yanğın faktının azalması ilə nəticələnib. Yanğınların sayının azalması eyni zamanda onun nəticələrinədə müsbət təsir göstərib. Belə ki, yuxarıda qeyd olunan hesabat dövründə yanğınlarda həlak olan insanların sayı 1 nəfər, xəsarət alanların sayı 46 nəfər, yanğınlardan dəyən maddi ziyanın məbləği  isə 2.146.706 manat azalıb". 

Vurğulanıb ki, yanğın obyektlərinin əsas hissəsi yaşayış sektorunun və nəqliyyat vasitələrinin payına düşüb:

"Hazırki göstəricilərlə münasibətdə yaşayış sektorunun payına düşən yanğınların faiz göstəricisi 67,4%, nəqliyyat vasitələrinin payına düşənhissə isə 24,5 % təşkil edir. Göründüyü kimi yanğınların 91,9 faizi yaşayış evlərinin və nəqliyyat vasitələrinin payına düşüb. Yerdə qalan 8,1% yanğınlar isə sosisal-məişət, ticarət, anbar və istehsalat təyinatlı obyektlərdə qeydə alınıb". 

Nazirliyin məlumatına görə, yanğın hadisələrinə əsas hissəsi böyük şəhərlərdə baş verib. Səbəblər isə əsasən elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, nəqliyyat vasitələrinin istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, qaz təsərrüfatının istismarı ilə bağlı təhlükəsizlik qaydalarına riayət olunmaması, qəsdən yandırma və odla ehtiyatsız davranma kimi hallar daha çox qeydə alınıb.

Son xəbərlər