IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib - YENİLƏNİB
Bu gün Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt (I hissə), Lənkəran, Gəncə (Kəpəz) şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Bu gün, həmçinin tədrisi gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər.
BAKU.WS xəbər verir ki, bu barədə DİM-dən bildirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 100 imtahan binası, 1750 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 100 ümumi imtahan rəhbəri, 282 imtahan rəhbəri, 2166 nəzarətçi-müəllim, 206 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 100 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 23107 şagirdin iştirakı gözlənilirdi. İmtahanda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
***08:32
Bu gün Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt (I hissə), Lənkəran, Gəncə (Kəpəz) şəhərlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə mərkəzdən bildirilib.
Məlumata əsasən, bugünkü imtahanlarda 23 min 107 şagirdin iştirakı gözlənilir.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Şagirdlər imtahana aşağıda qeyd edilən sənədləri gətirməlidirlər:
-İmtahana buraxılış vərəqəsi;
-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
Şagirdlər binaya daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.
Oxşar xəbərlər
Buraxılış imtahanının vaxtı ilə bağlı AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi martın 5-də və 6-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək. Mərkəzdən BAKU.WS-ə bildirilib ki, martın...