“WhatsApp”ın ildönümündə 35GB pulsuz internet – DİQQƏTLİ OLUN!
“WhatsApp” mesajlaşma proqramı vasitəsilə yenə də spamlar yayılır.
BAKU.WS xəbər verir ki, bu dəfə spamlar proqram istifadəçilərini şirinikləşdirmək məqsədi daşıyır. Spamlarda bildirilir ki, hər kəsə pulsuz internet GB-ti hədiyyə ediləcək.
“WhatsApp” ildönümü Azərbaycan mobil operatorunuz üçün 60 gün ərzində 35GB pulsuz internet əldə edin. İndi aktivləşdirin ⤵ https://mobiltechnics.com/az-35gb”. – deyə spamda qeyd edilir.
Məsələ ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hazırda yayılan spamlarla bağlı araşdırmalara başlanılıb.
Məsələ ilə bağlı nazirliyin Elektron Təhlükəsizlik Xidmətində araşdırmalar aparılır:
"Qeyd olunan mesajda Azərbaycanda fəaliyyət göstərən mobil operatorlara istinad olunmur, bu isə xidmətin hansı şirkət tərəfindən təqdim olunmasında şübhə yaradır. Çünki mobil internet xidmətini təqdim etmək mobil operatorların və ya internet provayderlərinin fəaliyyət istiqamətlərinə daxildir.
Xidməti aktivləşdirmək üçün qeyd olunan keçiddə spam xarakterli bildirişlər gəlir, daha sonra isə "Button Click" olunması tələb olunur. Klikdən sonra reklam məzmunları göstərilir və balansdan pul çıxılır. Bundan sonra da məbləği hansısa xidmətə abunəlik olaraq göstərir", - deyə məlumatda bildirilib.
Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən isə bildirilib ki, Azərbaycan vətəndaşlarına qarşı http://mobiltechnics.com keçidi vasitəsi ilə hədəflənmiş “phishing” hücumu aşkar edilib.
Vətəndaş həmin düyməyə klik etməklə WhatsApp hesabındakı əlaqələrə əvvəlcədən müəyyən edilmiş mətn və sayta keçid məlumatları digər şəxslərə göndərilir.
Paralel olaraq, müxtəlif reklam məzmunlu səhifələr açılır, bu da ki vətəndaşların telefonlarına virus yoluxması, eləcə də müxtəlif SMS xidmətlərinə avtomatik abunə olmasına gətirib çıxarır.
Qeyd edək ki, mobiltechnics.com saytı 10 oktyabr 2018-ci il tarixində yaradılmış, “mobusi.com” texnoloji media şirkətinin reklam məzmunlarının yayımı ilə məşğul olmaqla gəlir əldə etməkdədir.
Vətəndaşlardan xahiş olunur ki, internet fırıldaqçılarının toruna düşməmək üçün bu tip cəlbedici vədlər verən saytlarda qeyd olunan xidmət və təkliflərə aldanmasınlar.
Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
“Whatsapp” istifadəçilərinə XƏBƏRDARLIQ – “Mesajları açmayın” – FOTO
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun adından “Whatsapp” mesajlaşma proqramı vasitəsilə spamlar yayılır.BAKU.WS xəbər verir ki, bu barədə Əmək...